Noyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) açılışı baş tutub və bununla da konfrans rəsmi olaraq işə başlayıb.

Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva AZƏRTAC-a məlumat verib.

O bildirib ki, konfransın açılışında COP28-in prezidenti, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin sədri Jim Skea və digərləri çıxış ediblər.

Dekabrın 12-dək davam edəcək konfransın əsas mövzuları təmiz enerjiyə keçid, iqlim maliyyələşməsi, təbiət əsaslı həllər, sosial inklüzivlik və digər məsələləri əhatə edir.

Bununla belə konfrans çərçivəsində iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlılıq və uyğunlaşma məsələləri üzrə digər mövzuların müzakirəsi və qərarların qəbul edilməsi nəzərdə tutulur.

Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir.

İstinadlar Qafqazinfo