BƏƏ-də COP28 çərçivəsində Azərbaycanda mina probleminə dair yan tədbir keçirilib.

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də iştirak edib.

Azərbaycanın COP-28-dəki pavilyonunda “Mina təhlükəsi ilə mübarizə – yaşıl gələcək: minalarının ətraf mühitə təsirlərinin azaldılması” adlı yan tədbir keçirilib.

Yan tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını, ərazilərin işğalı zamanı zənginliyi və gözəlliyi ilə tanınan Qarabağın və Şərqi Zəngəzurun təmiz ekosistemi Ermənistanın hərbi qüvvələri tərəfindən dağıdıldığını, təxminən 1,5 milyona yaxın minanın basdırıldığını və 9 min kv.km ərazinin təhlükəli hesab edildiyini diqqətə çatdırıb.

Bildirib ki, minalar insanların həyatı və rifahı, ətraf mühit üçün ciddi təhlükə yaradır, ekoloji tarazlığa və daha yaşıl, daha sağlam planetə doğru irəliləyişə mane olur. Keçirilən yan tədbir bu istiqamətdə dialoqun təşviqi, biliklərin mübadiləsi və qlobal olaraq aktual problemin həllində birgə səylərin sürətləndirilməsi üçün platforma rolunu oynayır. Biz anlayırıq ki, yaşıl gələcək təkcə iqlim dəyişikliyi ilə mübarizə deyil, həm də müharibənin partlayıcı qalıqlarının yaratdığı təhdidlərdən azad, təhlükəsiz və dayanıqlı mühit yaratmaqdır.

Tədbirdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxış edərək mina və müharibənin digər partlayıcı qalıqlarının ətraf mühitə mənfi təsiri, ekoloji tarazlığın bərpa olunması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi, eləcə də minatəmizləmə fəaliyyəti ilə ekoloji inkişaf arasında əlaqənin vacib komponent olduğunu bildirib.

Yan tədbir çərçivəsində biomüxtəlifliyin qorunması və ekoloji reabilitasiyanın gücləndirilməsi, minaların ekosistemlərə təsiri və təmizlənmədən sonrakı fəaliyyətdə innovativ ekoloji bərpa üsulları, habelə Azərbaycanda ekologiya kontekstində mina təhlükəsi ilə mübarizə proqramı mövzularında panel müzakirələr keçirilib.

Müzakirələrdə AzərbaycanEkologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva, Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov, Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov, eləcə də Minaların Təmizlənməsi üzrə Qlobal Məsləhətçi, BMT İP-nın Böhran Bürosu üzrə nümayəndəsi Steinar Essen iştirak edib.

İstinadlar Report