Bu gün Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə”Uşaqların gələcəyinə sərmayə” devizi altında XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub. Dünyanın  12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə  Bakı Dövlət Universiteti öz stendi ilə təmsil olunur.

Açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov  Nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayıb və sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.

Daha sonra  nazir Ceyhun Bayramov sərgidə nümayiş olunan stendlərlə, o cümlədən Bakı Dövlət Universitetinin stendi ilə yaxından tanış olub. Stendə baxış zamanı universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verilib. Sonra əyani təcrübələr aparılıb. Universitetin rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS)  şirkətinin ali məktəblərin beynəlxalq  reytinq sırasında Azərbaycandan yalnız Bakı Dövlət Universitetinin yer aldığını bildirib. Rektor həmçinin Bakı Dövlət Universitetinin daha iki beynəlxalq reytinq cədvəlində  qərarlaşdığını nazirin diqqətinə çatdırıb.

Oxumağa dəyər:   Kazanda ofis binasında partlayış baş verib, xəsarət alanlar var

Qeyd edək ki, üç gün davam edəcək XII Beynəlxalq Təhsil  Sərgisində ziyarətçilərə Bakı Dövlət Universitetinin bakalavr, magistratura və  doktorantura pillələri barədə məlumat veriləcək. Həmçinin ziyarətçilər universitetin beynəlxalq əlaqələri, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanışolma şansı əldə edəcəklər.

Xatırladaq ki, ötən il keçirilən eyniadlı sərgidə Bakı Dövlət Universiteti “Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilmişdi.





İstinadlar Qafqazinfo