
ABŞ Prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Con Kerri Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Çin Xalq Respublikasının (ÇXR) sədr müavini Han Çjenlə qlobal istiləşmə ilə mübarizə üzrə ikitərəfli səyləri və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin qarşıdan gələn 28-ci Konfransını (COP-28 noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçiriləcək) müzakirə edib.
Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Tərəflər iqlim böhranı ilə mübarizədə ikitərəfli və çoxtərəfli səylərin kritik əhəmiyyətini, eləcə də COP-28-in uğurlu keçirilməsinin təşviqini müzakirə ediblər. Kerri qlobal istiləşməni Selsi üzrə 1,5 dərəcə səviyyəsində saxlamağın vacibliyini bir daha vurğulayıb və bunun üçün ABŞ və ÇXR tərəfindən genişmiqyaslı tədbirlər tələb olunur”, – bəyanatda deyilib.
Sədr müavini ilə görüşdə Kerri həmçinin Pekini “dekarbonizasiyanı sürətləndirməyə və metan kimi superçirkləndiricilərin tullantılarını azaltmağa” çağırıb.