
ABŞ Prezidenti Cozef Bayden Konqresin Senatına Amerikanın Rusiyadakı səfiri vəzifəsinə Linn Treysinin namizədliyini təqdim edib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Senata göndərilən namizədlər: mütəxəssis diplomat Linn Treysi… ABŞ-ın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə (namizəd irəli sürülüb -red)”, – məlumatda bildirilir. İndi Senatın müvafiq komitəsi Treysinin qanunvericilərin suallarını cavablandıracağı dinləmənin vaxtı təyin etməlidir.
Bundan bir müddət sonra yuxarı palata onun ABŞ-ın Moskvadakı diplomatik missiyasının rəhbəri vəzifəsinə təsdiq edilməsi məsələsinə səs verəcək. Treysinin namizədliyi təsdiq olunsa, o, ABŞ-ın Rusiyadakı səfiri vəzifəsini icra edən ilk qadın olacaq.
Treysi 2019-cu ildən ABŞ-ın Ermənistandakı səfirliyinin rəhbəri olub. Ölkədə səfir olmazdan əvvəl o, Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Rusiya üzrə baş məsləhətçi vəzifəsində çalışıb. Bundan əvvəl isə Rusiyada işləyib – 2014-2017-ci illərdə o vaxt Moskvada səfir olan Con Tefftin müavini olub.