ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardım göstərilməsinə icazə verib.

Bu barədə “The Hill” nəşri məlumat verib. Qeyd olunub ki, Bayden Konqresə administrasiyanın “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişi təxirə salınma müddətini uzatdığını bildirib.

Dövlət katibi Entoni Blinkenin Konqresə göndərdiyi bildirişdə Azərbaycana göstərilən bu yardımın Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səyləri pozmayacağı, prosesə müdaxilə etməyəcəyi və Ermənistana qarşı hücum məqsədləri üçün istifadə olunmayacağı qeyd olunub.

Amerika diplomatiyasının rəhbəri yardımın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək və Azərbaycan sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün lazım olduğunu da qeyd edib.

Baydenin bir müddət əvvəl qondarma erməni soyqırımı ilə bağlı açıqlaması fonunda bu qərar ABŞ-dakı erməni icması tərəfindən çaşqınlıq və qəzəblə qarşılanıb.

Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

İstinadlar Qafqazinfo