İyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri üzrə 68 cinayət işi üzrə ibtidai istintaqın aparıldığı, həmin işlər üzrə 8 şəhər, 10 qəsəbə və 519 kəndə baxış keçirildiyi bildirilib.

Həmçinin qeyd edilib ki, cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol vermiş 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Həmin cinayət işlərindən 72 şəxs barəsində 25 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 54 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 28 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 8 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və digər faktlarla əlaqədar olub.

Müşavirədə qeyd edilib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 110 milyon 533 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 37,2 faizinin, yəni 41 milyon 72 min manat hissəsinin ödənilməsinə nail olunub.

Həmçinin, bildirilib ki, cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 668 min 949 manat məbləğində pul vəsaiti ödənilib.

Bundan başqa, ibtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 2021-ci ilin birinci yarımili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə 44 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulub.


İstinadlar Qafqazinfo