Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin küçə və prospektlərində, eləcə də təhsil müəssisələrinin qarşısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə sükan arxasına əyləşən intizamsız sürücülər aşkar olunub.

Yanvar-fevral ayı ərzində spirtli içkinin və narkotik vasitənin təsiri altında 27, sürücülük hüququ olmadan avtomobil idarə edən isə 58 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Həmçinin, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən və digər kobud qayda pozuntuları törədən sürücülər müəyyən olunaraq barələrində inzibati protokollar tərtib edilib. Tədbir zamanı avtomobillərin atmosferə ixrac etdiyi dəm qazının miqdarı da xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı ekoloji normalara cavab verməyən avtomobil sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar.

İstinadlar Report