“Baku Medical Plaza”dan şəhid ailələri üçün aksiya – Video
Yasamal Rayon İcra Hakimiyyəti, “Baku Medical Plaza Medilux” klinikası vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ailələri üçün xüsusi tibbi xidmətlər təqdim edib.
İcra Hakimiyyəti və “Baku Medical Plaza” şəhid ailələrinə olan borcumuzu dəyərləndirərək, onlara ödənişsiz tibbi müayinə və göz konsultasiya imkanları təqdim edib.
Tədbirin əsas məqsədi şəhid ailələrinin sağlamlıq qayğılarını qarşılayaraq, onlara daha yaxşı tibbi xidmətlər göstərmək və cəmiyyətin bu zərif təbəqəsinə dəstək olmaqdır.
Klinikanın nümayəndəsi tədbir haqqında fikirlərini belə ifadə edib:
“Biz şəhidlərimizin ailələrinə borcluyuq. Onların sağlamlığı, rifahı və rahatlığı bizim üçün ön plandadır. Bu tədbir, onların ehtiyaclarını qarşılayaraq, bir növ minnətdarlığımızın kiçik bir göstəricisidir”.
FHN hərbi hissədə təlim keçirdi – Video
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə FHN-in yerli qurumlarının əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Praktiki hissə çərçivəsində isə FHN-in “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında hərbi hissənin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə şəxsi heyətin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, “zərərçəkmişlərin” çoxmərtəbəli binadan təxliyə edilərək onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi əməliyyatları yerinə yetirilib.
Daha sonra hərbi hissənin şəxsi heyətinə yanğınsöndürmə və xilasetmə işlərinin aparılması qaydaları izah edilib, xüsusi xilasetmə alət və avadanlıqları nümayiş olunub.
Yanacaqdaşıyan yük maşını yandı, sürücü öldü – Video
Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verib.
Hadisə ilə əlaqədar dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Yanğın yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.
***
FHN-dən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış yanacaqla dolu yanacaqdaşıyan avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Yanğın nəticəsində yanacaqdaşıyan yük avtomobilinin yanar konstruksiyaları və 40 ton yanacaq, vətəndaşa məxsus yardımçı tikili yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib.
Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Əhmədbəyli-Füzuli-Şuşa yolu I oldu – Video
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi dünya üzrə İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, 2024-cü il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib.
Qeyd edək ki, bu nüfuzlu mükafatın qalibi hər biri yollar və nəqliyyat sektoru ekspertləri olan müstəqil beynəlxalq münsiflər heyəti, hakimlər və BYF Qlobal-ın könüllülər rəhbərliyi tərəfindən qiymətləndirilərək seçilib.
Qapı arxasında qalan azyaşlı belə xilas edildi – Foto – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onaltımərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub və 2022-ci il təvəllüdlü azyaşlını yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.
“Mən o vaxt televizorda sizi qucaqlamışdım” – Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
“Qafqazinfo” həmin mərasimin videosunu təqdim edir:
Yolun ortasında məzar qazıb dəfn etdilər – Bakıda kuryoz hadisə+Video
Bakıda tamet pilitələri sındırıb yolun ortasında məzar qazıblar.
Hadisə Pirşağıda qeydə alınıb.
Belə ki, dünyasını dəyişən şəxs məzarlığın içərisinə gedən yolun üstündə dəfn edilib.
Hadisə ilə bağlı daha ətraflı Xəzər TV-nin süjetində:
“Azərenerji” Xankəndidə yeni yarımstansiya tikir – Video
Şuşadan Xankəndiyə 110 kV-luq ötürmə xətti çəkilir.
2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı keçirilərkən ölkə başçısının tapşırığına uyğun olaraq “Azərenerji” ASC-nin xüsusi komandası operativ işə başladı və yeni anker dayaqlar quraşdırılmaqla cəmi 4 gün içində “Şuşa” yarımstansiyasından Xankəndi və ətraf ərazilərə ilkin olaraq enerji verilməsi təmin edildi. Lakin separatçıların nəzarətində olan zaman 110 kilovoltluq xətlər və mövcud “Xankəndi” yarımstansiyası istismar müddətini çoxdan başa vurduğundan hələ o zaman tez-tez qəza açılmaları baş verir, uzunmüddətli fasilələr yaranırdı.
Məhz buna görə də bu ilin yazından başlayaraq “Azərenerji” tərəfindən Şuşa şəhərindən Xankəndiyə ən çətin dağlıq və meşəlik relyefdə 110 kV-luq ikidövrəli “Xankəndi-1”, “Xankəndi-2” yüksək gərginlikli ötürmə xəttinin çəkilməsinə start verilib. Artıq ümumi uzunluğu 11 km olan hava xəttinin çəkilməsi işi yekunlaşıb və 1,8 km məsafədə yeraltı kabel xəttinin çəkilməsi işi aparılır. Ən əsası isə Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun olaraq 110,35,10 kilovoltluq qapalı tipli yarımstansiyanın tikintisinə başlanılıb. Artıq tikinti işlərinin böyük hissəsi görülüb. “AzərEnerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə “Xankəndi” yarımstansiyası işğaldan azad edilən ərazilərdə 110 kV-luq gərginlik sinifi üzrə tikilən ilk qapalı tipli yarımstansiyadır. “Belə ki, burada kabel zirzəmisindən tutmuş 110, 35, 10 kilovoltluq paylayıcı qurğulara, o cümlədən 2 ədəd 63 MVA transformatorlara qədər bütün avadanlıqlar məhz binanın daxilində yerləşdiriləcək”.
Yarımstansiyanın qapalı tipdə tikilməsi daha az yer tutmasına, avadanlıqların uzunmüddətli istismarına, müasir standartlara uyğun estetik görnüşünə, təhlükəsizliyinə və digər amillərə görə daha əlverişlidir. Yeni yarımstansiyada müasir tipli SERJİ yanğından mühafizə sistemindən tutmuş, kiber təhlükəsizliyə qədər bütün tətbiqlər quraşdırılacaq. Qeyd edək ki, “Xankəndi” yarımstansiyasının ərazisində həm də anbar, qazanxana, maşın mexanizmlərinin təmir sahəsi və başqa yardımçı binalar da tikilıir.
“Xankəndi” yarımstansiyasında işlərin yaxın aylarda başa çatması planlaşdırılır.
Bugünkü yanğının havadan görüntüləri – Video
Xəbər verdiyimiz kimi, bu gün Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində güclü yanğın baş verib.
FHN beynəlxalq sertifikata layiq görüldü – Fotolar – VİDEO
Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) beynəlxalq sinifləndirilməsi prosesi həyata keçirilib.
Proses Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbər şəxslərinin, BMT-in Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (INSARAG) Katibliyinin INSARAG qlobal birlikləri və Fövqəladə hallara cavab bölməsinin rəhbəri Vinston Çanqın rəhbərlik etdiyi nümayəndə heyəti, 11 ölkədən qiymətləndiricilər və 7 ölkədən olan müşahidəçilər tərəfindən izlənilib.
Qiymətləndirmə prosesi çərçivəsində, əvvəlcə Nazirliyin beynəlxalq humanitar əməliyyatlarda iştirakla bağlı imkanları barədə təqdimatlar olunub, ekspertlərin sualları cavablandırılıb.
Sonra FHN BAXD-ın FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun beynəlxalq sinifləndirilməsi məqsədilə 36 saat ərzində fasiləsiz taktiki-xüsusi təlimə start verilib. Paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində reallaşdırılan təlimdə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin canlı qüvvə və texnikası iştirak edib. Taktiki-xüsusi təlim Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (INSARAG) Katibliyinin INSARAG qlobal birlikləri və Fövqəladə hallara cavab bölməsinin rəhbəri Vinston Çanqın başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən beynəlxalq qiymətləndiricilər və müşahidəçilər tərəfindən canlı izlənilib.
Taktiki-xüsusi təlim zamanı mobillik, planlama, loqistika, fəlakət bölgəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi, hündürlükdə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi, ilkin tibbi yardımın göstərilməsi, təxliyə, zərərçəkmiş ölkəyə əməliyyatların koordinasiyası üzrə dəstəyin göstərilməsi prosedurları həyata keçirilib. Təlimin gecə saatlarında baş tutan hissəsində axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz davam etməsi təmin olunaraq, texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması işləri həyata keçirilib. Təlim zamanı əməliyyatların müasir beynəlxalq idarəetmə və koordinasiya sistemləri üzərindən idarə olunması diqqət mərkəzində saxlanılıb.
Taktiki-xüsusi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
36 saat fasiləsiz davam edən taktiki-xüsusi təlim bitdikdən sonra qiymətləndiricilərin toplantısı keçirilib. Toplantının nəticələrinə əsasən, Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG beynəlxalq sinifləndirilməsindən uğurla keçməsi barədə yekdil qərar qəbul olunub. Beləliklə, FHN-in Dəstəsi beynəlxalq arenada “MUSAR AZE-01” adı ilə təmsil olunacaq.
Bu nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan FHN-in daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradacaq.
Sentyabrın 26-da Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinə INSARAG beynəlxalq sinifləndirilməsindən keçməsinə dair sertifikat, koordinasiya qruplarının bayraq və şevronları təqdim olunub.
“Adam balasının üstünə gül gətirməz, balam, balam…” – Video
Bu gün səhər saatlarından Azərbaycanda Anım Günü ilə əlaqədar II Fəxri xiyabana ziyarətçi axını var.
Bu gün yenə bizi onlar birləşdirdi – gözü hələ də yollarda qalan anaları, bir-birinin dərdinə şərik olan bacıları, yarı ağlar qalan sevgililəri, oğlunun qəhrəmanlığından sinəsi qabaran ataları…
“Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin qürur yerimizdən hazırladığı təsirli görüntüləri təqdim edirik:
Bayramov Mirzoyanla bu barədə razılığa gəldi – Video
Xəbər verdiyimiz kimi, 26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda görüş keçiriblər.
XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
“Oğlumu məzarla tanış etdim, öyrəndi ki, ata daşdır…” – Videoreportaj
O, seçilmiş idi. 200-dən çox şəxsin içindən Xüsusi Təyinatlı Qüvvələrə götürülən 20 nəfərdən birincisi idi. Allah da onu seçmişdi, mərdlik, güc-qüvvə, ləyaqət, sevgi… Heç nəyi əsirgəməmişdi. Söhbət Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovdan gedir!
“Qafqazinfo” Anım Günü ilə əlaqədar Zaqatalaya yollanaraq şəhidin ailəsinə baş çəkib, onunla bağlı xatirələri vərəqləyib.
500 kilometrdən artıq məsafə qət edib şəhidimizin ən qayğısız günlərinin keçdiyi rayona üz tuturuq. Tutqun payız havası, bir az da çiskin təbiətin gözəlliyini ört-basdır edə bilmir. Yoldan keçənlərdən İsmayıl Səmədovun evini soruşuruq, tanımırlar. Çətinliklə dolanbac küçələri keçib darvazasında bayraq dalğalanan ənənəvi şəhid evini tapırıq. Sonradan öyrənirik ki, İsmayıl bu evdə heç yaşamayıb, sakinlərin tanımaması normaldır. Ailəsi hərbi şəhərcikdəki mənzildən bura onun şəhadətindən sonra köçüb.
Bizi şəhidin anası Həlimət Səmədova qarşılayır. Şəhidin ata-baba yurdu olan Zaqatalanın Lahıc kəndindən bura bir neçə günlük, bu il birinci sinfə gedən nəvəsi Nurgülün hazırlıqları üçün gəlib.
Məlum olur ki, İsmayılın Zaqataladakı uşaqlıq həyatı düşündüyümüz qədər qayğısız keçməyib. Həlimət ananın sözlərinə görə, həmin illərdə ailə maddi çətinlik içərisində olub, övladları bir-birinin paltarları, qohumların köməyi ilə böyüyüblər. Buna baxmayaraq, İsmayıl elə uşaqlıqdan çox ailəcanlı, mərd oğul olub. Ermənilərin törətdikləri faciələrin nəticələrini görə-görə böyüyüb. Sanki bütün bunlar onda qisas hissi yaradıb. Ailə daha yaxşı təhsil arzusu ilə 9-cu sinifdən kimya-biologiya təmayüllü liseyə qoysa da, o, çox sevdiyi arzularının dalınca gedərək hər kəsi təəccübləndirib. Valideynləri onun hərb sahəsini seçməsindən, Xüsusi Təyinatlı Qüvvələrə seçilməsindən sonradan xəbər tutublar.
“Dedi, anacan, nəsə bir şey olanda, bu şəkli qabaqda tuturlar…”
Uşaqlığı kimi Ali Hərbi Akademiyadakı tələbəliyi də qayğısız keçməyib. Digər kursantlar kimi valideynlərinin ona pul göndərməyə imkanı olmayıb. Özünə təqaüdü ilə mobil telefon alıb. Hələ aylıq tələbə pulu ilə ailəsinə də köməklik edib: “Bacısının toyu olmalı idi. Zəng elədi ki, ana, bacıya nə almısınız, nəyi var, nəyi yoxdur? Dedim, heç nə almamışıq, gözləyirik ki, fındıq yetişsin… Həftəsonu gəl, bacıya bir-iki şey alaq, dedi. Üstümdə də cəmi 100-200 manat pul var idi. Bir qəşəng iri xalça götürdü. Dedim, ay oğul, buna bizim gücümüz çatmaz. Bildirdi ki, pulunu özü verəcək. Soruşdum səndə pul haradandır? Uşaqlarım heç vaxt yalan, haram bilməyiblər. Dedi, uşaqlarla yığışıb lotereya oynadıq, birincini mənə verdilər. Xalça, ütü, tozsoran aldı bacısı üçün…”
Evdə şəhid üçün ayrılmış kiçik guşədə İsmayıl Səmədovun Prezidentlə fotosu diqqətimizi çəkir. Bu foto İsmayılın Aprel döyüşlərində iştirakından sonra çəkilib. Döyüşlərdə göstərdiyi şücaətə görə dövlət başçısı İlham Əliyev tərəfindən təltif edilən bir qrup XTQ əməkdaşı arasında İsmayıl da olub: “Sonradan deyirdi ki, çox həyəcanlı idim. Demişdilər, Prezidentin gözlərinin içinə baxarsan. Qayıdandan sonra hərbçi yoldaşları ona zarafatla deyiblər ki, İsmayıl, gəl, səninlə görüşək, sən Prezidentlə görüşmüsən, əlimiz kişi əlinə dəysin…”
Vətən müharibəsindən sonra İ.Səmədova Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə, Vətən uğrunda və Vətən Müharibəsi Qəhrəmanı medalları verilib. Bir o qədər medalı da sağlığında alıb. Şəhid anası deyir ki, oğlu ailəsi ilə çox şeyi bölüşməzmiş, buna görə də onun sağlığında aldığı medalların çoxunu şəhid olmasından sonra görüb…
“Akademiyanı təzə bitirəndə ona hərbi formada böyüdülmüş şəklini vermişdilər. Evə gətirdi. Dedim, ay oğul, bunu nə əcəb məktəbdən sənə veriblər? Dedi, anacan, bu şəkil lazım olur, nəsə bir şey olanda, bu şəkli qabaqda tuturlar. Güldü… Dedim, dilin qurusun, o nə sözdür mənə dedin?! Cavab verdi ki, ana, sən hər şeyə hazır olmalısan, mən hərbçiyəm”, – Həlimət ana İsmayıldan ürəkdolusu danışır.
Sonra o kart şəhid kartı ilə əvəz olundu…
Ailənin şəhidimizlə sonuncu görüşü o qədər ürəkdağlayandır ki, onu sakit dinləmək mümkün deyil: “Axırıncı gəlişi atasının ad günü ərəfəsinə düşmüşdü. Həyətdə heyvan kəsib kabab edirdik. Dedi ki, siz bu günləri çox arzulayacaqsınız. Mən də elə bildim ki, o sözləri deyəndə bizi-ana-atanı itirməkdən qorxur…
Pensiyadan söhbət düşmüşdü, atası dedi ki, mən inanmıram, pensiya yaşına çatınca qalam. Çünki ürəyində problem var idi. Məzuniyyəti bitdi, İsmayıl şəhərə qayıtdı, iki gün keçmədi, atasına zəng elədi ki, get özünə kart açdır, sənə hər ay pul vuracağam. Bilmirəm, ürəyində qaldı ki, atası birdən pensiya almaz… İki-üç dəfə pul vura bildi, sonra o kart şəhid kartı ilə əvəz olundu. İndi atası o kartla şəhid təqaüdü alır…
Sağ olsun dövlətimiz, balalarına, bizə hər cür qayğı göstərir, evlə də təmin olunmuşuq. İsmayılın adı Zaqatalada 5 nömrəli məktəbə verilib. Çox istəyərdik ki, məktəbə büstü də qoyulsun. Hər şey var, amma heç nə yoxdur. Bizim xoş günlərimiz İsmayılla getdi…
Uşağa demişik ki, ata cənnətdə, güllərin içindədir. Bu il balası məktəbə gedib. Sağ olsunlar, o boyda yolu XTQ-nin hərbi hissəsindən hədiyyə ilə, güllə hərbçilər gəldilər. Uşağa deyirəm ki, bunlar sənin atanın dostlarıdır. Deyir, onlar cənnətdən gəliblər, bəs mənim atamı niyə gətirməyiblər?”
Həmsöhbətim deyir ki, bəzən subay övladı şəhid olan analar ona, heç olmasa, nəvələrinin təsəlli olduğunu bildirirlər. O isə “kaş İsmayılı evləndirməzdim, bu dərdi tək çəkərdim” cavabını verir: “Mən o gəlini, onun yuxusuz gecələrini görəndə… Nə vaxt ayılıram, görürəm İsmayılla olan videolara baxır, səsinə qulaq asır – yüz dəfə ölürəm. O uşaq atasını soruşanda da deyirəm, kaş mən ölərdim. Kaş oğlumu evləndirməmiş olardım…”
İsmayıldan sonra ailəsi həm də onun döyüş yoldaşlarının xatirələri ilə təskinlik tapır: “Qonşu kənddən bir oğlan var idi, “mən İsmayılın qisasını alacağam” deyirdi. Sonradan antiterror hadisələrində şəhid oldu. O danışırdı ki, bir dəfə müharibə vaxtı soyuqlayıbmış. Deyir boğazımız qurumuşdu. İsmayılın həmişə ehtiyatı olurdu, çantasından balaca şüşədə su çıxartdı. Udum-udum hərəmizə bir qapaq verdi, mənə ikisini verdi. Sonra uşaqlara dedi ki, elə bilərsiniz, yerlibazlıq edirəm. Mən öz payımı ona verirəm ki, o xəstədir, onun daha çox suya ehtiyacı var.
Oğlum özü də namaz qılıb-oruc tutardı. Döyüşdə uşaqlara deyərdi ki, tez-tez kəlmeyi-şəhadət gətirin”.
Məzar yerini də özü seçibmiş…
Şəhidin atası Məhəmməd Səmədov qəhərdən danışa bilmir. Deyir ki, övladı ilə bağlı ürəyi dolu olsa da, dili tutulur. Onunla yalnız şəhidimizin məzarı üstündə çox qısa söhbətləşmək imkanımız olur: “İsmayıl əmisi oğluna demişdi ki, şəhid olsam, məni burada dəfn edərsiniz. Yerini özü seçmişdi. Həmin yerdə də dəfn elədik…
…İsmayıl haqda danışmaq çox ağırdır. Çox vətənpərvər, vətənə bağlı uşaq idi. O qədər bağlı idi ki, müharibəyə gedəndə oğlunun əlinə bayraq verib, deyib bacını da, ananı da sənə həvalə edirəm. Mən getdim, ya gələrəm, ya gəlmərəm… Allah bütün şəhidlərə rəhmət eləsin!”
Qəhrəmanımızla bağlı ən kövrək xatirələri həyat yoldaşı Bəsti Səmədova dilə gətirir, İsmayılla tanışlığından, birgə yaşadıqları 4 ildən və bu 4 ilə sığan bir ömürlük xatirələrdən bəhs edir: “İsmayıl məni sinif yoldaşımın toyunda görüb xəbər göndərmişdi. Necə deyərlər, könlümü oğurladı. Toyumuz Aprel döyüşlərindən sonra olub. Həyat elə bil yavaş-yavaş bizi silkələyir, bütün çətinlikləri göstərirdi. Aprel döyüşlərindən qayıdanda hamı onu ağlayaraq qarşılamışdı, deyirdi, sən yeganə insan idin ki, məni gülə-gülə qarşıladın. 4 il yarım evli olmuşuq, amma, bəlkə də, 40 ilə bərabər evlilik həyatı yaşamışıq. Çox yaxşı insan idi, hələ də elə bilirəm, nə vaxtsa çıxıb gələcək.
Qızım Nurgül 2018-ci ildə, oğlum Mehdi isə 2020-ci ildə doğulub. Oğlum atasını cəmi 9 ay görə bildi. Onlara İsmayılı anlatmaq çox çətindir. Əsas da Mehdinin ata anlayışı yoxdur, elə bilir ki, ata əmi, dayı kimidir, tam dərk eləmir. Zamanla yəqin ki, dərk edər. Əvvəl əmisinə ata deyirdi. Onu aparıb atasının məzarı ilə tanış etdim. Sonra öyrəndi ki, ata daşdır…”
“Elə bilirdim, o, gülləkeçirməzdir”
Şəhid xanımı deyir ki, evlənənə kimi İsmayılın nəinki XTQ mənsubu, heç zabit olmasını belə bilməyib: “Mən İsmayılın zabit olduğunu evlənincə bilmişəm. Heç soruşmamışam da. Çünki mənə o qədər güvən vermişdi ki, maraqlı deyildi nə qədər maaş alır, harada işləyir, hara gedəcəyəm, evimiz varmı… Hərbi şəhərcikdə yaşamışıq, az-çox ora gedəndən sonra mənə bəzi şeyləri başa saldı. Çox boy-buxunlu deyildi, amma o qədər iradəli insan idi ki. Mən elə bilirdim, o, gülləkeçirməzdir. Aprel döyüşlərindən də gəlmişdi, elə bilirdim, ona heç nə olmaz, İsmayıl bizi qoyub getməz. Deyirdi, sən qorxma, şəhid çox ucadır, biz ola bilmərik. Qismət…
Hərbi şəhərcikdəki mənzilimizdə divanımız yox idi. Dedi, belə olmaz, sabah gedək künc divanı alaq. Lakin qismət olmadı, səhər tezdən toplanışa çağırdılar. Həmin günü 3 dəfə getdi, qayıtdı. Axırıncı dəfə qayıdanda oğlumu qucağına alıb qaldırdı, dedi ananla bacın sənə əmanət. Evin kişisi sənsən. Çıxdı, qaçıb pəncərədən də dalınca baxdıq, əl elədi getdi. Heç ağlıma da gəlməzdi ki, bu, son gedişdir…”
“Mutlu” son olmadı, “mutlu” sonsuz oldu…
Həmişə hər şeyə, hamıya qarşı diqqətli olan İsmayılın nişan günlərində zəng etməməsi Bəsti xanımın ürəyində şübhə yaradıb: “Oktyabrın 11-i gecəsi bir azca yatmadım. Heç demə, həmin gün – nişanımız olan gün şəhid olubmuş…
…Darvazalar açıq, hər kəs bizdə idi… Ondan o tərəfi yadıma gəlmir. Nəşini gətirdilər, üzünü açdılar, baxdım. Sanki gülümsəyirdi. Qırx gün yas, uşaqlar, heç nəyi xatırlamıram. Uşaqlar da elə əldə-ayaqda olublar, Mehdi necə gəzib, necə danışıb bilmirəm. Nurgül şanslı oldu ki, heç olmasa, 3 il atasını gördü. Mehdi isə cəmi 9 ay, o da yarı-yarımçıq gördü.
Mehdinin atası ilə bir yerdə ad günü olmayıb. Qırxı çıxandan sonra onun üçün qonaqlıq elədi. Allah sanki onun beyninə salmışdı ki, özündən sonra bir xatirə qalsın. Torta kimi bişirtdirdi, böyük bir qonaqlıq oldu, şəkillər çəkildi, çoxlu oynadı.
Evdən gedəndə də kartın koduna qədər, kimə borcu, alacağı vardısa, hamısını yazıb verdi.
İndi uşaqlara atalarını izah etmək çətindir. Onlara deyirəm, ata qəhrəmandır və buna görə də cənnətdədir. Sual verirlər ki, bəs niyə əmi və ya filankəslər cənnətə getməyib?”
Şəhid xanımı 4 ildir, həyat yoldaşının sevdiyi yeməkləri bişirmir, onunla bir gəzdikləri, onu xatırladan yerlərə getmir. Çox darıxanda isə üz tutduğu yer məzarıdır: “Bizim bütün xatirələrimiz hərbi şəhərciklə bağlıdır. Ora ilə bağlı heç bir şəklə baxmıram, çünki pis təsir edir. Ən çox darıxdığımda hərbi maykalarını qoxulayıram. Çünki onlardan spesifik qoxu gəlir. Paltarlarını çamadana yığmışam, cəsarətim yoxdur ki, qapağını açım… Heç bir şeylə təsəlli tapa bilmirəm, ürəyim çox dolanda məzarı üstünə gedib ürəyimi boşaldıram. Ümid edirəm ki, bəlkə, bir yuxuma gələr, mənə cavab verər.
…Onda hələ nişanlı idik, mənə ad günümdə məktub yazmışdı, axırda qeyd eləmişdi ki, həmişəki kimi yenə sən oradasan, mən burada… Bir də yazmışdı ki, bizim mahnımızdakı kimi, “mutlu” son olmasın, “mutlu” sonsuz olsun. Həqiqətən “mutlu” sonumuz olmadı, sonsuzluğa qaldı…”
Həqiqətən o, eyni zamanda təmiz, saf sevginin simvolu idi. Həm ailəsinə, həm canını fəda etdiyi torpağına, həm də Allaha sevginin. Onun həyatı bir süjet, bir film üçün o qədər zəngindir ki, bir məqaləyə necə sığışdıracağımı bilmirdim. Bircə onu bilirdim ki, bundan sonra Zaqatala mənim üçün həm də İsmayıl Səmədov deməkdir – öz “mutlu” sonsuzluğuna qovuşmuş qəhrəman…
Gülnar Əliyeva
Foto-Video: Xəyal Vəlizadə
Gəncədə qanunsuz inşa olunan tikili sökülüb – VİDEO
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən verilən xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Nəriman Nərimanov prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Prezident qırıcıda… – Video
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.
“Qafqazinfo” həmin anın videosunu təqdim edir:
Bakıda bu ərazidə evlər söküləcək – Video
Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq.
Evlər söküldükdən sonra ərazidə park salınacaq.
Artıq 199 nömrəli orta məktəbin yanından başlayaraq Baş Prokurorluğun binasının arxa hissəsinə kimi olan ərazidə yerləşən evlərin siyahıyaalınma prosesinə start verilib. Sakinlər Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən söhbət getdiyini desələr də, iddia edirlər ki, təkcə fərdi evlərə deyil, ərazidəki bütün köhnə tikililərə də baxış keçirlib.
Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Cəmil Qarayev “Xəzər Xəbər”ə təsdiqləyib ki, həmin ərazidə söküntü olacaq. Əhaliyə məxsus fərdi yaşayış evlərlərlə yanaşı, köhnə tikililər sökülərək yerində park inşa olunacaq.
Hazırda Nizami və Lev Tolstoy küçələrində yaşayış fondunun inventarizasiyası aparılır. Siyahıya alınma prosesi başa çatdıqdan sonra köhnə tikililərin memarlıq abidəsi olub – olması yoxlanılacaq. Fərdi yaşayış evlərinin dəqiq sayı da müəyyənləşəcək. Evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.
Kompensasiyanın dəqiq məbləğini isə Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
8 Noyabr prospektində asfaltlanma işləri ilə bağlı vəziyyət necədir? – Video
8 Noyabr prospektində aparılan asfaltlanma işləri yekunlaşmaq üzrədir.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, hazırda əsaslı təmir işləri prospektin şəhər mərkəzi istiqamətində 7-ci dairəvi küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılır.
Sözügedən ərazilərdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Aparılan işlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.
Asafaltlanma işləri yekunlaşan kimi avtonəqliyyat vasitələrinin hərəkəti üçün qoyulmuş məhdudiyyət aradan qaldırılacaq. Bununla da prospekt boyunca rahat və fasiləsiz gediş-gəliş təmin olunacaq.
Qeyd edək ki, yenidənqurma işləri ilə əlaqədar prospektin 7-ci dairəvi küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində müvəqqəti olaraq avtonəqliyyat vasitələri üçün əks istiqamətdə ikitərəfli hərəkət təmin olunub.
Xatırladaq ki, 8 Noyabr prospektinin yenidən qurulması layihəsinə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir.
Həmçinin baxın
8 Noyabr prospektində asfaltlanma işləri ilə bağlı vəziyyət necədir? – Video
Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu – Həbs edilənlər var – VİDEO
“Haber Global”: Azərbaycanın antiterror əməliyyatını şərtləndirən faktorlar var idi – VİDEO
Qayınanasının taleyini yaşayan gəlin – 40-a çata bilməyən ata-oğul… – VİDEO
“Doğma sahillər”də SEFF-in ekoloji mövzular müsabiqəsində nümayiş olunacaq – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla