Bakı şəhəri, Nəsimi rayonu ərazisində Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan 232 metrlik hissəsində təmir işləri icra olunur.

Bu Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. 

Bildirilib ki, sözügedən ərazidə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.

Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün salınması işlərinə başlanılıb.

Bundan öncə anoloji işlər Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində də aparılıb. Təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur. 

Qeyd edək ki, sözügedən küçənin asfalt örtüyü bir neçə il əvvəl qənbər daşla əvəzlənmişdi. 







İstinadlar Qafqazinfo