Bakıda yük avtomobilləri toqquşub, xəsarət alan var.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 29 sentyabr 2022-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Qaradağ rayonu üzrə xilasedicilər qrupu dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, “KamAZ” və “MAN” markalı yük avtomobillərinin toqquşması ilə baş verən yol-qəza hadisəsi nəticəsində “KamAZ” markalı yük avtomobilinin sərnişini 1975-ci il təvəllüdlü Kadirov Zaur Şəmsəddin oğlu avtomobildə sıxılı vəziyyətdə qalaraq köməyə ehtiyacı yaranıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə Z.Kadirovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

İstinadlar Report