Paytaxtın Xətai rayonu ərazisində yetkinlik yaşına çatmayan bir nəfərə qarşı quldurluq edilib. 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb. Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Zərərçəkən telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Əliyev və İlham Həsənov saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, zərərçəkənə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo