7 noyabr 2023-cü il tarixində “Leyla Khazari” Art-Gallery-də “TƏRƏFLƏR” adlı fərdi rəsm sərgisi həyata keçirilib. Sərgi KamART İncəsənət Qalereyasının üzvü, yeniyetmə rəssam Ləman Vəkil’in dörd illik yaradıcılıq axtarışlarına həsr olunub. Onun kağız və kətan üzərində olan ümumilikdə 37 rəsm işləri təsviri sənətin qrafika və rəngkarlıq növlərini əhatə edir.

Ləmanın özünəməxsus maraq dairəsi, çəkdiyi natürmort, mənzərə, portret  janrlarında olan rəsmləri rəngarəngliyi və müxtəlifliyi ilə seçilir. Ləman çoxsaylı rəsmlərində, xüsusilə də süjetli kompozisiyalarında adi insanın bu gün cəmiyyətdə tutduğu yeri, mövqeyi, qayğıları, düşüncə və həyat tərzini göstərməyə çalışıb. Bir çox rəsmlərində Bakıya, Azərbaycanın şanlı Ordusuna, nağıllarına, milli musiqimizə, doğma Xəzərə vurğunluğunu böyük məhəbbətlə əks etdirmişdir.

Sərginin təntənəli hissəsində tanınmış rəssamlar, incəsənət xadimləri və qonaqların da iştirakı ilə Ləmanın 2019-2023-cü illəri əhatə edən kiçik yaradıcılığı əks olunmuş kataloqunun təqdimatı baş tutub. Daha sonra sərgi iştirakçıları rəsm işləri ilə tanış olub.

Yeniyetmənin bacarığı, istedadı, potensialı onu sərgi və müsabiqələrdə də iştirakını artırmış, ona böyük uğurlar qazanmağa və bacarığını inkişaf etdirməyə imkan vermişdir. 16 yaşlı rəssam dəfələrlə Azərbaycanda və xarici ölkələrdə keçirilən respublika və beynəlxalq uşaq rəsm müsabiqələrinin, sərgilərin iştirakçısı və laureatı olmuşdur.

Həm kataloqun təqdimatı, həm də sərginin keçirilməsi rəssam üçün özünəməxsus imtahan və hesabat rolunu oynayıb. Sərgi hər bir yaradıcı insana öz rəsm əsərlərinə kənardan baxmağa və adi günlərdə görə bilmədiyini bu zamanda görməyə imkan vermişdir.

Sərginin keçirilməsində məqsəd – ictimaiyyətin diqqətini uşaq və gənclərin təsviri sənətə olan marağının artırılmasına və inkişafına yönləndirilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsindən ibarət olub.