Bakıda narkotik vasitələr qəbul edərək taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb – VİDEO

Bakıda narkotik vasitələr qəbul edərək taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib.
Belə ki, qaraçuxur qəsəbəsində yaşayan Hünər Mustafayev idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.
İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib.
Təyin olunan ekspertizanın nəticəsində Hünər Mustafayevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində protokol tərtib olunub. Hünər Mustafayevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
RİİB-in yardım kampaniyasında izdiham – Fotolar+Video

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyədə zəlzələ bölgəsinə humanitar yardım kampaniyasına start verib.
Bakı İdman Sarayında (Neftçilər prospekti) təşkil olunan yardım aksiyasında günün ilk saatlarından izdiham müşahidə olunub. Təkcə Bakıdan deyil, Azərbaycanın müxtəlif bölgələrindən olan vətəndaşlar aksiyaya qatılaraq çoxsaylı əşya və ləvazimat gətiriblər.
RİİB könüllüləri həmin ləvazimatların içəri daşınması və seçilib komplektləşdirilməsində fəal iştirak ediblər.
Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev bildirib ki, Fondun “Regional İnkişaf” İctimai Birliyi bu aksiyanı Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan vətəndaşlarına çağırışına dəstək olaraq həyata keçirilir.
“Sanitar-epidemioloji şərtlərdən irəli gələrək virus yayılma riskini artırdığına görə əhalidən ikinci əl geyim və əşyalardan ibarət yardım göndərməməsi təkidlə xahiş olunur. Eyni zamanda, qida təhlükəsizliyinin önəmi nəzərə alınaraq qida məhsullarının humanitar yardım çərçivəsində qəbul edilməyəcəyi nəzərə alınmalıdır. Yardım kampaniyasının fevralın 14-nə qədər davam etməsi nəzərdə tutulub. Səhər 11-dən axşam 8-ə kimi vətəndaşlar yaxınlaşıb öz ianələrini edə bilərlər”.
RİİB yardım kampaniyasında fəal iştirakına görə vətəndaşlara təşəkkür edib.
Narkotikə görə daha 13 nəfər saxlanılıb – VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində – Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Səbinə Kətanova video yaydı – “Piyada pul istəyirdi”

Avtomobillə piyadanı vurub qaçmaqda ittiham edilən bloqer Səbinə Kətanova hadisənin görüntülərini paylaşıb.
“Qafqazinfo”ya açıqlama verən S.Kətanova onun barəsində tamamilə əsassız iddia səbəbindən cinayət işi açıldığını bildirib.
Görüntülərdən S.Kətanovanın avtomobilinin piyadaya xəsarət yetirmədiyi, sürücünün maşını yolun kənarına çəkərək xəsarət aldığını iddia edən piyada R. Ç. ilə söhbət etməsi məlum olur.
S.Kətanovanın sözlərinə görə, piyada daha sonra şikayətini geri götürüb: “Nərimanov rayonu ərazisində avtomobillə hərəkətdə olan zaman işıqforun qırmızı işığının yanmasını görüb digər avtomobillər kimi maşını dayandırdım. Yaşıl işıq yananda – mən hərəkətə başlayanda anidən bir nəfərin maşının qarşısına qaçdığını görüb dayandırdım. Həmin adam yolu keçmədi, maşın da ona dəymədi. Qayıdıb qolunu maşının sol güzgüsünə vurub güzgünü əydi. Ona dedim, “siz neynirsiz belə?”, o da qayıtdı ki, “siz məni vurdunuz”. Dedim axı sizi vurmamışam, siz qəsdən gəlib maşına toxundunuz”.
Barəsində cinayət işi açılan bloqer iddia edib ki, həmin şəxs ondan marketə gedib ərzaq almasını və ona pul verməsini tələb edib: “Həmin adama dedim, “məni tanıyırsınız”? Dedi, “hə, instaqramdan tanıyıram, Səbinə Kətanovasınız”. Məndən pul istəsə də, imtina etdim, dedim sizə niyə pul verməliyəm ki? Bu hadisə planlaşdırılmış şəkildə edilib. Daha əvvəl çox görmüşük, qəsdən maşının qarşısına çıxıb pul alanları. Bu da onlardan biri…”
S.Kətanova əlavə edib ki, piyada bundan sonra onun barəsində polisə şikayət edib: “2021-ci ildən bu iş üzrə məhkəmə gedir. Həmin piyada məhkəmədə də etiraf etdi ki, qolundakı xəsarəti avtomobil vurmasına görə yox, idman zalında alıb. Lakin bütün bunlara baxmayaraq mənə bəraət verilmir”.
Qeyd edək ki, S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. R.Ç. iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.
Xilasedicilərimiz 26 nəfəri dağıntılardan sağ qurtardı – Video

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu FHN-dən məlumat verilib.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.
Zaqatalada enerji mənbəyinə qoşulan telefon partladı – Video

Zaqatalada mobil telefon enerji mənbəyinə qoşulan zaman partlayıb.
Hadisə rayon ərazisində fəaliyyət göstərən mobil telefon təmiri mağazalarından birində baş verib.
Belə ki, rayon sakinlərindən biri mobil cihazının batariyası şişdiyi üçün onu ustaya gətirib. Usta Ramiz Hüseynov isə telefonu piştaxtaya yerləşdirib. Bir qədər sonra isə bu hadisə qeydə alınıb.
Ramiz Hüseynovun sözlərinə görə, baş verə biləcək faciənin qarşısını telefonun kənarda olması alıb: “Əlimizin altında olsaydı əlimiz, üzümüz yanmış olardı. Çünki daha əvvəl belə hadisə başqa ustaların başına gəlib və əlləri yanıb”.
Hadisənin videosunu təqdim edirik:
Balaəli mağazaya getmək üçün avtobusun yolunu kəsdi – Video

Məşhur meyxanaçı Balaəli Maştağalının yol hərəkəti qaydalarını pozmasına dair görüntülər yayılıb.
Görüntülərdə onun “Range Rover” markalı avtomobili yolun hərəkət hissəsində saxlayaraq mağazaya getdiyi, arxada gələn avtobusa maneə törətdiyi görünür. Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, meyxanaçının bu hərəkəti məsuliyyətsizlikdir: “Cəmiyyətdə tanınan şəxslər nümunəvi hərəkət etməlidir ki, digər insanlara məsuliyyətli olmağı aşılasın. Avtobusda gözləyənlər də insandır, onu yersiz gözlətdirən də. Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də Baləli üçün bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox, ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir”.
Polis mayoru bu kimi hadisələrin Bakıda adətən restoranların qarşısında yaşandığını bildirib: “Restoranların qarşısında bahalı avtomobillər gəlib qanunsuz parklanma edir. Polis əməkdaşları onları qeydə alıb protokol tərtib edəndə isə, “20 manatdır da, çəkirsən çək” deyir. Təbii ki, bu arzuolunmaz haldır, cəmiyyətin sosial cəhətdən aşağı təbəqəsini qıcıqlandırmaqdır”.
Amin Nəzərli
Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – Video

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada bütün zəruri infrastruktur yaradılıb.
Döyüş mövqelərində olan Baş Qərargah rəisinə əməliyyat şəraiti məruzə olunub. Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf fasiləsiz müşahidə edilir.
Baş Qərargah rəisi döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb – VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə FHN-dən məlumat verilib.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
İskenderun limanında yanğın gücləndi – Video

Türkiyənin İskenderun limanındakı yanğın davam edir.
Hatay şəhərinin İskenderun rayonunda ötən gün zəlzələ nəticəsində aşan konteynerlərdə başlamış yanğın hələ də söndürülməyib.
Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri – VİDEO

Türkiyədə baş vermiş zəlzələdən iki gün ötür.
Təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.
Belə ki, Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərində qruplar şəkilində axtarış işlərinə qoşulub. FHN əməkdaşları daha çox şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsindəki binaların dağıntılar altında qalmış insanların axtarış-xilasetmə işlərini həyata keçiriblər.
Hazırda da Azərbaycanın xilasediciləri dağıntıların dərinliklərinə, ən riskli yerlərə daxil olaraq orada qalmış insanların canlı və cansız bədənlərini çıxarırlar.
Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib. Onlar da dağıntılar altında qalmış şəxslərin tez bir zamanda aşkarlanmasında köməklik edirlər.
Gün ərzində FHN-in əməkdaşları dağıntılar altından 11 sağ insan, 20-yə yaxın isə meyit çıxararaq aidiyyəti üzrə təhvil verib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanıldı – VİDEO

Xətai rayonunda yerləşən dövlətin balansında olan transfarmator məntəqələrindən birindən oğurluq edilib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transfarmatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb.
Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transfarmator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub.
Qeyd edək ki, Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub. Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəyanət Kərimli barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Binəqədidə içməli sudan sayğacdankənar istifadə halları aşkarlanıb – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Binəqədi rayonunda içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib.
“Azərsu”dan verilən məlumata görə, Binəqədi qəsəbəsi Fərman Məlikov küçəsində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının suya olan tələbatı yaxınlıqdan keçən şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılır. Tikintinin sahibi texniki şərt almadan və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamadan sudan qanunsuz istifadə edir.
Binəqədi kəndində “mal bazarı” kimi tanınan heyvan kəsimi və satışı obyektində də sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. İnzibati və maarifləndirici tədbirlərin aparılmasına baxmayaraq obyekt sahibi su satışı müəssisəsi ilə müqavilə bağlamaqdan imtina edir.
Xocəsən qəsəbəsində yük avtomobillərinin yuyulma məntəqəsinin müqaviləsi və sayğacı olsa da, obyektin istehlak etdiyi suyun bir hissəsi sayğacdankənar çəkilmiş qanunsuz xətt hesabına təmin olunurmuş. Rayon sukanal idarəsinin əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq dəymiş ziyan aktı tərtib edərək həmin xətti ləğv edib.
Binəqədi rayon Sukanal İdarəsi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı fərdi sahibkara məxsus 12 mənzildən ibarət yeni tikilinin hər bir mənzilinə qanunsuz şəkildə su xətti çəkildiyi məlum olub. Yaxınlıqdan keçən su xəttinə 32 mm-lik boru birləşdirilərək, içməli sudan qanunsuz istifadə edilirmiş.
Aşkarlanmış faktlarla bağlı fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. Eyni zamanda bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Qeyd edək ki, 2022-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC tərəfindən 10525 fakt aşkarlanıb. Həmin hallar üzrə 2 milyon 724 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Son bir ildə Binəqədi rayonunda aşkarlanmış 2106 qeyri-qanuni istifadə hallarının qarşısının alınması nəticəsində 531 min kubmetr sərfiyyat bərpa olunub. 2022-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı 225 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Növbəti yardım təyyarəsi Türkiyəyə göndərildi – Video

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.
Bu FHN-dən məlumat verilib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.
Hökməlidə narkotikə görə 4 nəfər saxlanılıb – VİDEO

Hökməlidə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib daha 4 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri silsilə tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Cəbrayılov və Nazim Abbasov saxlanılıblar.
Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Hər iki şəxsin narkotik vasitələri əvvəllər məhkum olunmuş Hökməli qəsəbəsində yaşayan Fəqani Qeybullayevdən aldıqları müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən 3 kiloqrama yaxın heroin aşkar edilib. Fəqani Qeybullayev ifadəsində bir müddət əvvəl “Baba” adlı İran vətəndaşı ilə tanış olduğunu daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifi ilə razılaşdığını bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum olunmuş Hikmət Burcəliyev də saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir: “Artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək”.
Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, plana uyğun olaraq bölmələrin “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk etməsi məşq etdirilib.
Müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşqlərdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının bölmələri qarşılıqlı əlaqədə müxtəlif tapşırıqları yerinə yetiriblər.
Məşğələlərdə əsas diqqət mümkün təhdidlərin qarşısını dərhal almaq məqsədilə qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişaf etdirilməsi, eləcə də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsini təmin etməkdir.
Həmçinin baxın
Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – Video
FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb – VİDEO
Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri – VİDEO
25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanıldı – VİDEO
Binəqədidə içməli sudan sayğacdankənar istifadə halları aşkarlanıb – VİDEO
FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb – VİDEO
Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb – VİDEO
“Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video
Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla