Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı İbrahim Müzəffərov, Səbuhi Həsənov, Əli Şərifov və Mətin Rzayev saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan ümumilikdə 16 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Xətai Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin son bir ayda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərlə bağlı ümumilikdə 50 fakt müəyyən edilib. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə evlərdən birindən oğurluq edən əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş Emin Məmmədov saxlanılıb. Onun mənzildən 1500 manat oğurladığı müəyyən olunub. E.Məmmədovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Sumqayıtda 15 boksdan ibarət qarajda yanğın olub – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bir dam altında tikilmiş 15 boksdan ibarət qarajın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 1500kv.m. olan qarajın dam örtüyünü taxta atmaları 200kv.m. sahədə yanıb.
Tikilinin böyük hissəsi yanğından mühafizə olunub.
Xankəndidə qondarma hökumət evinin binası sökülür – Video

Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür.
Söküntü işləri artıq iki həftədən çoxdur ki, davam edir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı faktı təsdiqləyib.
“Sözügedən binada Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Bərpa-Tikinti İdarəetmə Xidməti fəaliyyət göstərib. Hazırda söküntü işləri aparıldığı üçün əməkdaşlar digər binada yerləşdiriliblər.
Binanın sökülməsinə səbəb isə onun istifadəyə yararsız olmasıdır. Təmir-bərpa işlərinin aparılmasına uyğun gəlmədiyi üçün sökülməsinə qərar verilib. Sökülən binanın yerində yeni, inzibati məqsədlər üçün istifadə olunacaq bina tikiləcək”, – deyə A.Telmanqızı bildirib.
Vilayət Eyvazov tapşırıqlar verdi – Video

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümünü qeyd edib.
Bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Həmçinin Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov təməli Milli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.
Nazir Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirib.
O, DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini cənab Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edib. Bildirilib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, ölkəmizdə keçirilən “COP29” kimi mötəbər beynəlxalq tədbir zamanı qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.
Nazir xidmətdə fərqlənən hərbi qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin möhtərəm Prezidentin qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.
Tədbirə yekun vuran V.Eyvazov Daxili Qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini – daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib.
Piyada səkisinin zəbt olunmasının qarşısı alındı – Video

Bakının Xətai rayonu Xocalı prospektində piyada səkisinin qanunsuz zəbt olunması ilə bağlı görüntülər yayılıb.
Bu barədə sosial şəbəkələrdə paylaşım olunub.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Bildirilib ki, daxil olan sorğuya əsasən, ötən gün Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu, Xocalı prospekti ünvanında monitorinq keçirilərək, piyada səkisində metal konstruksiyadan özbaşına artırma işlərinin aparılması faktı aşkar edilib.
Operativ müdaxilə nəticəsində ərazidə qanunsuz işlər dərhal dayandırılaraq səki əvvəlki vəziyyətinə qaytarılıb.

Bakıda 110 yaşlı kişi əməliyyat olundu – Video – Foto

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 110 yaşlı Hilal İbrahimovda artroplastika əməliyatı (omba-çanaq protezi) uğurla icra edilib.
Bununla bağlı ATU məlumat yayıb.
Klinikanın Travmatologiya və ortopediya kafedrasının müdiri, dosent Cəfər Nəsirlinin verdiyi məlumata görə, xəstə yıxıldıqdan sonra onda sol bud sümüyünün boyun sınığı yaranıb və müayinə nəticəsində xəstədə artroplastika əməliyatının aparılması üçün qərar verilib.
“Omba protezi əməliyyatı – bud oynağının zədələnmiş və ya köhnəlmiş hissələrinin süni implantla (metal, keramika və ya sərt plastikdən hazırlanmış komponentlərlə ) dəyişdirilməsi prosesidir. Bu prosedur ümumi anesteziya altında həyata keçirilir. Xəstələr adətən əməliyyatdan sonrakı ilk gün ayaq üstə dura bilir, yeriməyə başlayırlar. Bizə müraciət edən zaman yerindən qalxa bilməyən, güclü ağrıları olan xəstəmiz əməliyyatdan sonra artıq yeriməyə başlayıb. 110 yaşlı pasiyent Hilal İbrahimov əməliyyatdan sonra özünü yaxşı hiss edib və bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılıb”, – deyə C.Nəsirli qeyd edib.
Qeyd edək ki, 110 yaşlı Hilal İbrahimov ölkənin ən yaşlı kişisidir.
“Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinə qeydiyyat davam edir – Video

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsi keçirilir.
Proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.
Hakatonda iştirak üçün qeydiyyat codehour.edu-az saytı üzərindən aparılır. Qeydiyyat martın 19-dək davam edəcək.
Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər.
III və IV mərhələlər müsabiqədə fəal iştirak edən şagirdlər üçün 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün maarifləndirici sessiya və seminarlar təşkil ediləcək ki, bu da onların bilik və bacarıqlarının inkişafına töhfə olacaq.
Gəncədə bəzi attraksionların istismarı dayandırılıb – VİDEO

Gəncədə bəzi attraksionların istismarı dayandırılıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən parkda fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Şahmar Fuad oğluna məxsus attraksionlarda plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, uşaq əyləncə mərkəzində fəaliyyət göstərən 9 ədəd attraksionun torpaqlanma konturunun və qidalandırıcı yumşaq naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülmədiyi, həmçinin attraksionların texniki müayinədən keçirilmədiyi müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Zelenskini Ciddədə belə qarşıladılar – Video

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna və ABŞ rəsmiləri arasında danışıqlardan əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.
Bu haqda “Reuters” məlumat yayıb.
Görüşdə vəliəhd şahzadə Ukrayna böhranının həlli və sülhün əldə edilməsi üçün beynəlxalq səylərə krallığın dəstəyini vurğulayıb.
Zelenski öz növbəsində Krallığın səylərinə görə minnətdarlığını və təşəkkürünü bildirib, onun Yaxın Şərqdə və ondan kənarda mühüm rolunu qeyd edib.
FHN təlim keçirdi – Video

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması olub.
Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan, həmçinin “lift boşluğundan” təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Leyla Əliyeva Göygöldən maraqlı video paylaşdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Göygölə gedib.
Bu barədə o, instaqram hesabında video paylaşıb.
Həmin paylaşımı təqdim edirik:
Mingəçevirdə məktəbli bıçaqlanıb – VİDEO

Mingəçevirdə məktəbli bıçaqlanıb.
Hadisə şəhərin Energetiklər yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, 16 yaşlı yeniyetmə tanışı tərəfindən söyüşə görə bıçaqlanıb. Müxtəlif bədən xəsarətləri alan məktəbli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, bıçaq yarası alan şəxs Mingəçevirdə yerləşən 4 saylı orta məktəbdə təhsil alır.
Daha ətraflı videomaterialda:
Metroda yanğın təlimi – Video + Fotolar

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “İçərişəhər” və “Sahil” stansiyalarında taktiki-xüsusi təlim keçirilib.
Bu FHN-dən məlumat verilib.
Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun əsasən “İçərişəhər” və “Sahil” stansiyaları arası 1-ci yol mənzilində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 11 ədəd texnikası və 76 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Gömrükçülərdən Bakıya enən xanımlara maraqlı jest – Video

Azərbaycan gömrükçüləri 8 Mart – Beynəlxalq Qadınlar Günündə ölkəmizə təyyarə ilə gələn xanımlara xüsusi diqqət göstərib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, xanım sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportunda çiçək təqdim olunub.
Azərbaycan mədəniyyəti bu dəfə “Netflix”də – Foto-Video

“Netflix” “Drive to Survive” serialının 7-ci mövsümünü təqdim edib.
Bununla da Azərbaycan mədəniyyəti növbəti dəfə qlobal yayım platformasında yer alıb.
Dramatik anlar, pərdəarxası rəqabətlər və yüksək adrenalin yaşadan “Drive to Survive” təkcə avtoidmandan bəhs edən sənədli filmi deyil, “Formula 1” dünyasının ən nüfuzlu komanda və pilotlarının həyəcan dolu həyatına bir səyahətdir. İlk dəfə olaraq serial trekdən kənara çıxaraq paytaxtımızın füsunkar mənzərələrini, rəngarəng mədəni irsimizdən görüntüləri yayımlayır.
Bu mövsümdə “2024 Formula 1” mövsümünün gərgin mübarizələri, Maks Verstappen-in çempionluq uğrunda əzmkarlığı, “Red Bull”un üstünlüyü və komandalar arasındakı gərgin rəqabət tamaşaçılara təqdim olunur. Hər mövsümdə olduğu kimi, bu dəfə də serial trekdə və trekdən kənarda baş verən hadisələri, sürpriz transferləri və dramatik məqamları tamaşaçılara çatdırır.
“Drive to Survive” serialı ənənəsinə sadiq qalmaqla yeni mövsümün başlanğıcında, azarkeşlərin intizarını bir az da yüksəldərək, 14-16 mart tarixlərində baş tutacaq Avstraliya Qran Prisindən öncə ekranlara gəlir.
Siz də bu həyəcanı qaçırmayın! “Netflix”də “Drive to Survive” yeni mövsümünü izləyin, möhtəşəm sürət yarışının pərdəarxası tərəflərindən xəbardar olun!
Bakıda yaşayış binasında yanğın – Sakinlər belə xilas edildi+Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsindəki mənzildə baş verdiyi və sakinlərdən bir neçəsinin binanı tərk edə bilməməsi səbəbindən təhlükəli vəziyyətlə üz-üzə qaldığı müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Həmçinin, xüsusi təyinatlı texnikanın – avtokranın tətbiqi ilə yuxarı mərtəbələrdə təhlükədə qalmış sakinlər xilas ediliblər.
Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb, yüksək temperaturdan ümumi dəhlizin divarları 20kv.m. sahədə deformasiya edib.
“Görüş” şadlıq evinin fəaliyyəti dayandırıldı – Video

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 72 ünvanında yerləşən “Görüş” şadlıq evinin fəaliyyəti dayandırılıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən şadlıq evində yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
– obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonlarından istifadə olunur və həmin balonlar rezin borular vasitəsilə qaz cihazlarına birləşdirilib;
– obyekt yanğın su hovuzu və avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib;
– elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
– obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur;
– elektrik avadanlıqları artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib;
– obyektin bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;
– anbar kimi istifadə olunan sahəsində köçürmə yolları müxtəlif materiallarla tutulub;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz olunmayıb;
– təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;
– obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
– obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 72 ünvanında yerləşən “Görüş” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Həmçinin baxın
“Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinə qeydiyyat davam edir – Video