Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) “Formula 1” üzrə dünya çempionatının 2017-ci il üçün təqvimini təsdiqləyib.

Bu barədə Avstriyanın paytaxtı Vyanada keçirilmiş FİA Baş Assambleyasının iclasında qərar verilib.

Bakıda keçiriləcək mərhələnin adı “Avropa Qran-prisi” yox, “Azərbaycan Qran-prisi” adlandırılacaq. Bu, gələn il iyunun 18-də deyil, iyunun 25-də baş tutacaq.

Bu addım Qran-prinin “24 saat Le Man” marafonu ilə üst-üstə düşməməsi üçün atılıb. Almaniya Qran-prisi təqvimdən çıxarıldığından, növbəti mövsüm ümumilikdə 20 mərhələdən ibarət olacaq. Sinqapur və Malayziya mərhələləri isə təqvimin ilkin versiyası ilə müqayisədə yerlərini dəyişib.

Növbəti mövsümə 2017-ci il martın 26-da Avstraliyada start veriləcək. Çempionun adı isə noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə müəyyənləşəcək.

İstinadlar Report