Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib – VİDEO

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli çoxmənzilli yaşayış binasınn birinci mərtəbəsində yerləşən mənzildə baş verən yanğının genişlənmə riskinin yüksək olduğu, həmçinin ikinci mərtəbədə yerləşən mənzilə qatı tüstü dolması səbəbindən 3 nəfərin mənzili tərk edə bilməməsi və həyati təhlükə ilə üz-üzə qalması müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər operativ qaydada mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək mənzilə daxil olub və biri azyaşlı olmaqla 3 nəfər vətəndaşı xilas ediblər. Eyni zamanda, yanğın genişlənməsinə, eləcə də qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bundan əlavə, təhlükəsizlik tədbirləri çərçivəsində 2 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120m² olan dördotaqlı mənzilin mətbəxinin və bir otağının yanar konstruksiyaları 15m² sahədə, sanitar qovşağının lambir materialdan ibarət tavanı 4m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin və otaqların divarları deformasiya edib.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.
Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı – VİDEO

Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin sabiq rəisi polkovnik Ceyhun Babayev azadlığa buraxılıb.
Xəbərə görə, Ceyhun Babayevin çəkilməmiş həbs müddəti şərti cəza ilə əvəz edilib.
Yerli məhkəmə qərar qəbul edərkən məhkum təyin olunmuş cəzanın 2/3 hissəsinin çəkilməsini və cəzaçəkmə müəsisəsinin rəyini əsas götürüb.
Qeyd edək ki, Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan şitkətlərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dollar olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) alarkən cinayət başında yaxalanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) maddəsi ilə ittiham verilib
C. Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-c il 26 fevral tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Gəncədə türbə yağış və kanalizasiya sularının ortasında qaldı – Video

Gəncədəki Comərd Qəssab türbəsi günlərdir yağış və kanalizasiya sularının ortasında qalıb. Abidənin içərisində də qalın palçıq təbəqəsi yaranıb.
Gəncə şəhər Sukanal İdarəsindən mövcud vəziyyətə səbəb həmin ərazidə yağış suları üçün drenaj sisteminin olmaması bildirilib.
Məsələyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən də münasibət bildirilib. Qurumun rəsmisi Fariz Hüseynli deyib ki, türbənin ətrafına yağış nəticəsində yığılan suyun təmizlənməsi və nəticələrinin aradan qaldırılması, eləcə də abidənin mühafizəsi istiqamətində əlavə tədbirlər görüləcək.
Qeyd edək ki, VII əsrdə Gəncə şəhərində yaşamış və xalqın rəğbətini qazanmış Comərd Qəssabın məzarüstü türbəsi 2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən xüsusi layihə əsasında bərpa olunub və dövlət tərəfinfən qorunan abidələr siyahısına daxil edilib.
Daha ətraflı videomaterialda:
İqbal Məmmədov fotolarla şantaj edildiklərini təsdiqlədi – VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədov oğlunun üzləşdiyi şantaj hadisəsi ilə bağlı açıqlama verib.
Laf TV-yə telefon bağlantısı ilə qoşulan İ.Məmmədov hadisənin 2020-ci ilin yanvar ayında baş verdiyini deyib.
O, deputatlığa namizəd olduğu dövrdə oğlunun ona məxsus olduğu iddia edilən görüntülərlə şantaj edildiyin deyib: “Oğlum mənə dedi ki, ona zənglər edirlər, şantaj edirlər. Mən dedim ki, gəl həmin adamları hüquq-mühafizə orqanlarına verək. Çünki belə bir şey bizim nəslə yaraşmayan bir şeydir. Dərhal hüquq-mühafizə orqanlarına müraciət etdik. Həmin pulu da hüquq-mühafizə orqanlarının istəyi ilə deyilən karta yüklədik ki, onlar izi tapa bilsinlər. 3-4 ay ərzində həmin adam tapıldı, araşdırma aparıldı və işi məhkəməyə göndərdilər. Məhkəmə də ona iş kəsib”.
İ.Məmmədov əlavə edib ki, həmin şəxs qadın deyil, kişidir: “Mən əvvəllər uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuşam. 2010-cu ildə millət vəkili seçiləndən sonra şirkətlərimi ailəmə və qardaşıma dövr etmişəm. Bu şəxs də həmin şirkətlərin birində işləyib, daha əvvəl isə hansısa reket saytlardan birində çalışıb. Qardaşıma məxsus olan şirkətdə işlədiyi vaxt o, işdən qovulub. Bu səbəbdən də belə bir şantaja əl atıb”.
Millət vəkili şantaja əl atmış şəxsin əlində hər hansı ifşaedici foto və ya məlumatın olmadığını bildirib.
“Qafqazinfo”nun apardığı dəqiqləşdirmələrdən sonra məlum olub ki, millət vəkilinin oğlunu şantaj etdiyinə görə həbs edilən şəxs 1992-ci il tarixdə Bakıda anadan olmuş, ailəli, ali təhsilli Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan R.Ə.Quliyevdir. O, 1984-cü il təvəllüdlü Nəzrin Məmmədli adı ilə saxta profillər açaraq İqbal Məmmədovun oğlu Mirhəmin Nərimanlını şantaj edib.
Qeyd edək ki, bu gün “Qafqazinfo”da yayımlanan xəbərdə də Xəzər Rayon Məhkəməsinin hökmü ilə R.Ə.Quliyevin 2022-ci ildə həbs olunduğu, daha sonra şərti cəza ilə azadlığa buraxıldığı qeyd olunmuşdu. Bu ilin may ayının 18-də isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə o, yenidən məhkəmə zalındaca həbs edilib.
Belə ki, apellyasiya instansiyası təqsirləndirilən şəxs barəsindəki 3 il həbs hökmünü bərpa edib. R.Ə.Quliyevin 2022-ci ildə bu cinayət işi üzrə həbsdə saxlanıldığı 1 ay 28 gün cəzasından çıxılıb.
Sudan qanunsuz istifadə hallarının qarşısı alındı – Video

Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir.
Suraxanı rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bir sıra kommersiya obyektlərində sudan qanunsuz istifadə halları aşkarlanaraq qarşısı alınıb. Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB massivində fəaliyyət göstərən ət kəsimi məntəqəsinin sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qeyri-qanuni istifadə edib. Obyekt sahibinə sudan qanunsuz istifadə ilə bağlı xəbərdarlıq edilsə, o qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq suyu talamaqda davam edib.
Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində qum bazarı və istixanada da sudan qanunsuz istifadə halı aşkarlanıb. Sahibkar əhalini içməli su ilə təmin edən əsas xəttə birləşmə verərək, obyektlərin suya olan tələbatını ödəyirmiş. Oxşar fakt Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20 ünvanında yerləşən kafedə də aşkarlanıb. Kafe sahibi obyekti çən vasitəsilə su ilə təmin etdiyini bildirib. Lakın araşdırmalardan məlum olub ki, yaxınlıqdan keçən şəbəkədən həm çənə, həm də obyektin özünə qanunsuz su xətti çəkilib. Oqtay Şabanov küçəsində yerləşən toyuq və balıq məhsullarının qurudulması sexində su sayğacı olmasına baxmayaraq, sayğacdankənar xəttdən istifadə edildiyi aşkar olunub. Əraziyə dəvət olunan qəza briqadası tərəfindən qeyri-qanuni birləşmələrin hamısı kəsilərək, ləğv edilib.
Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 4817, Suraxanı rayonunda isə 133 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Qazaxıstan MN-in nümayəndə heyəti Azərbaycanda – Video

Azərbaycanla Qazaxıstan arasında imzalanan 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Qazaxıstan Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzini, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə mərkəzlərin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim olunub. Qonaqlar burada yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər.
Sonra qazaxıstanlı nümayəndələr Əməliyyat (Komando) hərbi hissələrinin birinə gəliblər. Qonaqlara hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.
Nümayəndə heyəti burada hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyiblər.
Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb – VİDEO

Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Kamran İsmayılov saxlanılıb.
Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, K.İsmayılov tanışı şəxsiyyəti istintaqla araşdırılan “Mahal” adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub. O, taksi sürücüsü görüntüsü yaradaraq Bakı şəhərində narkotiklərin dövriyyəsini təşkil edib.
Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının son günlərdə həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutularaq istintaqa təqdim edilib. Saxlanılanlardan bir neçəsinin Binə qəsəbəsində yük maşınlarından akkumulyator oğurladıqları da müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib – VİDEO

İranın mədəni irs və tarixi abidələr qurumunun laqeydliyi səbəbindən Güney Azərbaycanın Mərənd bölgəsində yerləşən Urartu dövrünə aid Yaldur qalası məhv olmaq təhlükəsi ilə üzləşib.
Bu barədə Gunaz-tv məlumat yayıb.
Bildirilib ki, bu qədim tarixi qalanın 6 000 il yaşı var. Mütəxəssislərin sözlərinə görə, müasir dövrdə belə abidələrin yerləşdiyi bölgə turizm zonasına çevrilir, buraya turistlərin cəlb edilməsi üçün tədbirlər görülür.
Onların fikrincə, fars olmayan millətlərinin tarixinə etinasız yanaşan Tehran rejiminin bölgəki təmsilçiləri isə Yaldur qalasını diqqətdən kənar qoyublar.
Bildirilib ki, abidə Urartu dövründə tikilib və həmin ərazidə 22 qalanın qalıqları var.
Tarixi məlumatlara əsasən, Yaldur qalası Asuriya kralı II Sarqonun hücumu nəticəsində dağılıb. Rusiyalı şərqşünas Vladimir Minorski orada yerləşən Mandaqarna atəşgahının da Urartu dövründə gil kərpicdən tikildiyini və qala kompleksinə daxil olduğunu yazıb. V.Minorski hesab edir ki, atəşgah II Sarqonun Mərəndə hücumu zamanı müəyyən qədər dağıdılıb.
Xatırladaq ki, Mərənd bölgəsi Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində yerləşir.
Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olundu – Video

Milli və müassir ətirləri ilə diqqətçəkən Mugham Parfume Evi yeni növ məhsulunu – ətirli şam kolleksiyasını təqdim edib.
Fransanın Qras şəhərində eynilə parfümlərdə olduğu kimi “Humayun”, “Segah”, “Chahargah”, “Shur”, “Bayatı-Shiraz”, “Shushtar”, “Rast” və “Karabakh Bouquet – 1752” adlı şamlar hazırlanıb.
Şamların hər biri çəkisi 180 qram olmaqla, brendin loqosu olan nəfis karton qablaşdırmadadır. Seçilən fransız sənətkarları tərəfindən yaradılan şamlar ən yüksək standartlara cavab verən sertifikatlaşdırılmış lüks üzvi maddələrdən ibarətdir.
Ən önəmlisi isə Qarabağın özünəməxsus çiçək notları – ağac, müşk, vanil və digər şərq inqrediyentlərinin ahəngindən hazırlanıb. Ətirli şamlar 50 saata qədər yanaraq xoş atmosfer yaradır.
İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu – Video

İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci km-də yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Xatırladaq ki, gecə saatlarında intensiv yağıntılar nəticəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətinə problemlər yaratmışdı.
Şimşək çaxıb, dolu yağıb, Dəstəfurçay-Qaraqollar çayından sel keçir – Faktiki hava+Video

Faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 31-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Göygöl, Daşkəsən, Ağstafa, Gəncə, Qazax, Ceyrançöl, Oğuz, Cəfərxan, Şəki, Balakən, Tovuz, Qusarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından sel keçir.
Saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndinə, saat 14:00 radələrində isə Fərəhli kəndlərinə diametri 10-12 mm, Şəmkir rayonu Yuxarı Seyfəli və Çinarlı kəndlərinə saat 15:47-15:57 radələrində 10-12 mm, saat 16:54-16:56 radələrində Balakən rayonuna xırda dənəli dolu düşüb.
Qərb küləyi arabir Tovuzda 20 m/s, Gədəbəydə 18 m/s-dək güclənib.
Oğuza dolu düşdü – Video

Oğuz rayonuna güclü dolu düşüb.
Rayon ərazisində günorta saatlarından etibarən başlayan yağış daha sonra dolu ilə müşaiyət olunub.
Bölgədə qeyri-sabit hava şəraiti hələ də davam edir.
Həmin görüntüləri təqdim edirik:
Buzovnada dənizkənarı yenidən hasarlandı – Video

Paytaxtın Buzovna qəsəbəsi, Zuğulba adlanan ərazidə çimərliyin sahilyanı ərazisi hasarlanıb.
Sakinlər dəniz kənarında hərəkətə mane olan hasarın sökülməsini istəyirlər.
Onlar deyir ki, hər dəfə bura gələndə qayaların üzərindən keçmək məcburiyyətində qalırlar.
“Xəzər Xəbər” mövzu ilə bağli ötən gün Xəzər rayon İcra Hakimiyyətinə müraciət etsə də, qeyri-iş günü olduğu üçün bu gün açıqlama veriləcəyi bildirilib.
Bu gün isə İcra Hakimiyyəti sorğunu yenə cavablandırmayıb.
Sakinlər ümid edir ki, onların gediş-gəlişinə mane olan hasar sahildən söküləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
İshak Hersoqun qarşılanma mərasimindən – Video

Xəbər verdiyimiz kimi, Azərbaycana rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İshak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İshak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşılayıblar.
“Qafqazinfo” rəsmi qarşılanma mərasiminin görüntülərini təqdim edir:
Kəmaləddin Heydərov BƏƏ-nin nümayəndə heyəti ilə görüşüb – VİDEO

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumunun (NCEMA) Baş direktorunun müavini Məhəmməd Rəhma Saif Əlşəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qonaqları səmimi salamlayan nazir K.Heydərov FHN tərəfindən təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu çərçivədə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir FHN-in qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyəti barədə də danışıb.
Azərbaycan ilə BƏƏ arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb. K.Heydərov Azərbaycan FHN və BƏƏ-nin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumu arasında imzalanmış Fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunun münasibətlərin inkişafına mühüm töhfə verdiyini xatırladıb, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və ixtisasartırma kurslarının, treninq, seminar və elmi konfransların keçirilməsi üzrə Azərbaycan FHN-in Akademiyası ilə BƏƏ-nin aidiyyəti dövlət qurumları və tədris müəssisələri arasında əməkdaşlığın formalaşdırılmasının əhəmiyyətinə toxunub.
Səmimi görüşə görə təşəkkür edən BƏƏ-nin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumunun Baş direktorunun müavini Məhəmməd Rəhma Saif Əlşəmsi Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarə edilməsi üzrə uyğun qurumların əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Qonaq Azərbaycan FHN-in istər ölkədaxili, istərsə də xarici ölkələrdə baş vermiş fövqəladə hallarla mübarizədə fəaliyyətinin yüksək qiymətləndirildiyini, bu təcrübədən yararlanmaq üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.
Daha sonra qonaqlar FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.
“Azərişıq” Zodda 35 kV-luq xəttin çəkilişini yekunlaşdırdı – Video

“Azərişıq” ASC Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırıb.Yüksək dağlıq relyefə, çətin yollara sahib Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində obyektlərə işıq verilib.
Bu istiqamətdə 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən istifadə etməklə 22 km uzunluqda xətt çəkilib. 700-dən çox dayaq basdırılıb. 250 kVA gücündə Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Artıq Zod yaşayış məntəqəsi istiqamətində xüsusi obyektlər eketrik enerjisi ilə təmin olunub.
Xatırladaq ki, Azərişıq ASC tərəfindən 18 iyul 2021-ci il tarixində Kəlbəcər şəhəri elektrik enerjisi ilə təmin edilib. Sovet dövründə elektrik enerjisinin olmadığı ucqar ərazilərdə belə yeni şəbəkələr qurulub. Yüksək dağlıq ərazidə yerləşən Alagöllərə ilk dəfə elektrik enerjisi verilib.
26 iyun 2022-ci ildə cənab Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. İşlər bu gün də uğurla davam etdirilir.
“Laçın vaxtları”nı keçirdiyi Laçına qayıtdı… – Video

Xəbər verdiyimiz kimi, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
Öz doğma yurduna qayıdanlardan biri də Xəlilova Ruqiyyədir.
“Laçın vaxtları”nı keçirdiyi Laçına qayıdan yaşlı qadın 31 il sonra öz ata-baba yurduna qayıtmağın təəssüratlarını bölüşüb.
Həmçinin baxın
Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb – VİDEO
Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib – VİDEO
Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olundu – Video
Şimşək çaxıb, dolu yağıb, Dəstəfurçay-Qaraqollar çayından sel keçir – Faktiki hava+Video
“Çoxdan arzulayırdım ki, sizi qucaqlayıb öpüm” – Prezidentə sevginin videosu
İlqar Vəlizadə: “Ərdoğanın sayəsində Türkiyədə siyasi sabitlik təmin olunub” – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla