Noyabrın 23-də DTX-nin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfrans işə başlayıb.

Tədbirdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, DTX-nin rəisinin birinci müavini general-leytenant Ceyhun Şadlinski, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasov, hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbər əməkdaşları, Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının və Milli Təhlükəsizlik Şurası Baş Katibliyinin nümayəndələri iştirak ediblər. Konfransın məqsədi Vətən müharibəsinin nəticələrinin təhlilinin və müharibədə qazanılmış hərbi təcrübənin aidiyyəti qurumlar arasında mübadiləsinin təmin olunmasıdır.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin “Şöhrət” muzeyinin qarşısında ucaldılan abidəsini ziyarət edib.

Konfransda çıxış edən Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov tədbirin təşkilində göstərdiyi dəstəyə görə DTX-nin rəhbərliyinə minnətdarlığını ifadə edib, bu mövzuda konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. R.Usubov müharibənin nəticələrinin təhlilinin və əldə olunan təcrübənin milli təhlükəsizliyin etibarlı təminatı, silahlı qüvvələrimizin müdafiə qabiliyyətinin artırılmasında önəmli amil olduğunu bildirib.

Daha sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edərək ölkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə həyata keçirilən islahatlar, yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün silahlı qüvvələrimizin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat verib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev bildirib ki, həm Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə məkrli qüvvələr tərəfindən respublikamızın informasiya təhlükəsizliyinə yönələn təhdidlərin və kiberhücumların qarşısının alınması, savaş dövründə hərbi obyektlərimizin xüsusi rabitə avadanlıqları ilə təminatı, radiostansiyaların işinin səmərəli təşkili üçün digər qurumlarla birgə lazımi tədbirlər görülüb.

Konfrans öz işini noyabrın 25-dək hərbi təhlükəsizlik, səfərbərlik hazırlığı, strateji kommunikasiya, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, mülki müdafiə və digər aidiyyəti mövzular üzrə mühazirələr və panel müzakirələrlə davam etdirəcək. 

 



İstinadlar Qafqazinfo