Bakıda dəhşət: Kişi həyat yoldaşının başını kəsib, daha sonra özünü asıb-VİDEO

Bakıda ailə faciəsi baş verib. Ər arvadını öldürüb, sonra özü intihar edib.
Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Mir Cəlal küçəsi 35 ünvanında qeydə alınıb. Binanın 40-cı mənzilində yaşayan ər və arvad – 48 yaşlı Qurbanov Şahin Məmmədəli oğlu və 38 yaşlı Ağayeva Gülnurə Oktay qızından bir müddət xəbər olmayıb. Gülnurə Ağayevanın İmişlidə anasıgildə olan bacısı dəfələrlə zəng etsə də, nə Gülnurə, nə də əri Şahin Qurbanov zənglərə cavab verib. Narahat olan qadın özünün iş yoldaşlarından bacısıgilin yaşadığı evə getməyi xahiş edib. Onlar mənzilə getsələr də, qapını açan olmayıb.
Bundan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verilib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar beşmərtəbəli binanın dördüncü mərtəbəsindəki mənzilin qapısını sındıraraq içəri daxil olublar.
Xilasedicilər yataq otağında 38 yaşlı Gülnurə Ağayevanın boğazı kəsilmiş meyitini aşkarlayıblar. Daha sonra hamam otağında 48 yaşlı Şahin Qurbanovun asılmış meyiti tapılıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hadisə yerinə kriminalistlər cəlb edilib.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Şahin Qurbanov əvvəlcə arvadı Gülnurə Ağayevanın boğazını kəsib, daha sonra isə hamam otağında özünü asıb. Qonşuların verdiyi məlumata görə, Şahin Qurbanov və Gülnurə Ağayeva cütlüyünün 4 yaşlı qızı var. Bu, Gülnurə Ağayevanın ikinci evliliyidir. Onun ilk evliliyindən də 19 yaşlı qızı var.
Hadisənin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur. Amma qonşular Şahin və Gülnurənin sakit ailə olduğunu, evlərindən heç vaxt dava-dalaş səslərinin gəlmədiyini deyirlər. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq gedir.