Bakıda çoxmərtəbəli yaşayış kompleksində təlim zamanı nöqsanlar aşkarlanıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 31C ünvanında yerləşən “Nəsimi-26” MMC-yə məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib, nöqsanlar aşkarlanıb.
Bu barədə FHN-dən bildirilib.
Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobilinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, qəza-işıqlandırma sisteminin olmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı da müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.
Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqelərinin kadrları yayılıb – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqelərinin kadrlarını yayıb.
Qərbi Azərbaycan Xronikası: “Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim” – VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Gecə evimizi ermənilər daşa basırdılar” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun (keçmiş Kirovakan, indiki Vanadzor) Lermontov (Antaraşen) kəndində anadan olmuş Gülsəfa Rüstəmovanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq, orta məktəb, gənclik illərinin gözəl keçdiyini, kənddə əsasən ruslar, 15 ailə azərbaycanlı, 6-7 erməni ailəsi var idi:
“Biz erməni, rus, bilmirdik. Bizə ermənilər türk deyərdi, ruslar tatar deyərdi. Öz dilimizi bilirdik, bayramlarımızı keçirərdik, yumurta boyayardıq, qapı pusardıq”.
Onun sözlərinə görə, kənddən çıxarkən çox çətinliklərlə üzləşiblər:
“Gecə ikən kinoya baxırdıq. Ermənilər dedilər ki, çıxın, sizi burada məhv edəcəklər. Birinci Qazaxa gəldik, 5-6 gün qaldıqdan sonra bizi geri qaytardılar. Ondan sonra ara qızışdı, qaçaqaçdıq düşüdü. Biz tankla çıxdıq. Biz oradan çıxanda mənim 29 yaşım var idi. Ailədən 2 nəfər bir çıxdıq, 4 nəfər də bir çıxdıq. Anam iki uşağımı bir götürdü, kiçik oğlum əlimdə 1 yaş 7 aylıq idi. Gecə evimizi daşa basırdılar. Böyük qızımla kiçik oğlumu kartofun arasında gizlətmişdim. Kartof ləkdə çiçək açmışdı, arasında gizlədirdim. Gündüz olanda bizə çox dəymirdilər, axşamlar bizi çox qorxudurdular. Vanadzor kəndi var idi, orada yaxın adamımızdan öldürdülər, əşyalarını, özlərini yandırdılar. Oradan qaçıb gəlib bizim rus kəndinə dolmuşdular. Qaynatamgilin evini yandırdılar, özünü döydülər. Elə yarımcan Gəncəyə gətirdilər, elə orada da rəhmətə getdi. 1918-ci ildə nənəmin birinci yoldaşını da, bir dənə də qızını ermənilər öldürmüşdü”.
G.Rüstəmova doğma yurda qayıtmağı çox istədiyini deyib:
“Bu, hər zaman arzumuz olub. Sakitçilik, mehribançılıq olsa, qayıtsaq, daha yaxşı olar. İlk gedişimdə birinci qəbiristanlığa gedərdim, ondan sonra da evimə dəyərdim. Hər bir yeri, cığırı tanıyıram. Heç bir cığırımızı unutmamışam. Məzarlarımız, rəhmətə gedənlərimiz orada qaldı. O heç vaxt yaddan çıxmaz. Həmişə öz evimizi, həyətimızı, kəndimizi, dağlarımızı yuxumda görürəm. İnşallah, qayıdacağıq. Buna əminik və böyük həvəslə gedəcəyik”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş sentyabrın 29-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.
Prezidentin Zəngilandakı çıxışının – Videosu

Xəbər verdiyimiz kimi, bu gün BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Ölkə başçısının Forumdakı çıxışının videosunu təqdim edirik:
Binəqədidə içməli sudan qanunsuz istifadənin qarşısı alındı – Video

Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Nəzarət tədbirləri zamanı Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən və bir sahibkara məxsus un məmulatları təndir, “Ekonom” market, təkər təmiri, əlvan metal qəbulu, heyvan saxlama məntəqələrində sudan qanunsuz istifadə halları aşkarlanıb. Belə ki, bu obyektlərin sahibi texniki şərt almadan, müqavilə bağlamadan qeyri-qanuni şəkildə yaxınlıqdan keçən 1400 mm diametrli magistral su kəmərinə qoşulma verərək içməli sudan qanunsuz şəkildə istifadə edib. Nəzarət tədbirləri zamanı məlum olub ki, həmin obyektlərin arxasında yerləşən 13 həyət evi üçün həmin magistral su kəmərindən özbaşına birləşmə verilib.
8-ci mikrorayon yaşayış massivi, Süleyman Sani Axundov 5B ünvanında yerləşən “Kababçı” və “Çayxana”da sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Həyata keçirilən araşdırma zamanı, Seyid Cəfər Pişəvəri küçəsi 1 ünvanında yerləşən hovuz avadanlıqlarının satışı məntəqəsində sudan qanunsuz istifadə halı aşkar edilib. Obyekt sahibi sayğacdankənar xətt çəkərək içməli sudan qeyri-qanuni istifadəni davam etdirib. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.
Dövlət Su Ehtiyatları Agentliyi olaraq bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 12219, Binəqədi rayonunda isə 2337 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Sözləri Qənirə Paşayevanındır… – VİDEO

Millət vəkili Qənirə Paşayeva dünyadan köçəndən sonra geridə qoyduqları, qələmə aldıqları ilə xatırlanır.
Mərhum həm jurnalist, həm də millət vəkili kimi gördüyü işləri ilə yadda qalıb. Q. Paşayevanın şeir yazmaq qabiliyyəti də var idi. O, bir çox mahnıların söz müəllifidir.
“Qafqazinfo” həmin mahnıları təqdim edir:
Aygün Kazımova – “Ad günü”;
Elza Seyidcahan – “Həsrət nəğməsi”;
Ramal İsrafilov – “Mən səni bu qədər sevməməliydim”;
Flora Kərimova — “Səni gözləyəcəm”;
Röya Ayxan – “Nədən həyat?”;
Tünzalə Ağayeva – “Bir dünya istəyirəm”;
Tünzalə Ağayeva – “İstəyirəm”;
Elnur Məmmədov – “İkimizin yerinə”;
Nisə Qasımova – “Ana”;
Rəşad İlyasov – “Sənsizlik”;
“Uşaq yaşlarından şəhid olacağını deyirdi…” – VİDEO

“Qasim həmişə uşaq vaxtlarında deyirmiş ki, “mən gələcəkdə hərbi xidmətə gedəndə şəhid olacağam”. Elə də oldu… Qasim ən ali zirvəyə – Şəhidlik mərtəbəsinə ucaldı”.
Bu sözləri “Qafqazinfo”ya Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan Qasim Məmmədhəsənovun yaxınları deyib.
Onların sözlərinə görə, 2001-ci ilin dekabrın 8-də Sabirabad rayonunun Qaraqaşlı kəndində sadə bir kəndli ailəsində anadan olan Qasim ali təhsilli, ailəsinə, evinə bağlı bir gənc olub: “O, ailənin böyük övladı idi. Özündən sonrakı qardaşına və bacısına həmişə mehriban yanaşır, onlara qayğı göstərirdi. Çox vətənpərvər gənc idi. Qasim 2023-cü ilin sentyabr ayında baş verən döyüşlərdə ehtiyatda xidmət edən əsgər idi. Lakin Qasimdə olan vətən sevgisi onu müharibənin ocağına- Xankəndi istiqamətində getməyə vadar etdi. O, ön cəbhədə vuruşmaq üçün könüllü olmuşdu. Bu səbəbdən 19-20 sentyabrda özünün şücaəti, döyüş əzmi ilə öndə getdi. Qasim ona həvalə edilmiş strateji mövqeyi düşmənin qəfil hücumlarından qorumaq və öz dostlarının həyatını xilas etmək üçün xüsusi qəhrəmanlıq göstərərək özünü təhlükəyə atıb və sentyabrın 20-də şəhadətə qovuşub. Ərazi bütövlüyümüzün bərpası üçün sevinib, 192 igidimiz üçün ağladığımız gün… Həmin gün şəhid olan 192 igidin arasında Qasim də var idi”.
Uçan körpünün yerində yenisi inşa edilir – Video

Sentyabrın 15-də güclü sel səbəbindən uçan körpünün yerində yenisinin inşasına başlanılıb.
Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, inşasına başlanılan sözügedən körpünün kənar dayaqlarının svay işləri yekunlaşıb, hazırda orta dayaqların svay işləri üçün hazırlıq və kənar dayaqların tikintisi üçün qəliblərin quraşdırılması işləri aparılır:
“Sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər. Bu yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb”.
Yeni qazlaşan Çay Üzü kəndinin şəhid ailələri ziyarət olundu – Video

Vətən deyiləndə can, bayraq deyiləndə qan verən oğullarımızdan olan Nizami Cəbiyevlə Tural Aslanov Yardımlı rayonunun Çay Üzü kəndinin şəhidləridir. Bu gün alnıaçıq, üzüağ olan Çay Üzü kəndinin sakinləri öz şəhidləri ilə qürur duyaraq onları yad edirlər.
SOCAR “Azəriqaz” İB-nin də rəhbər şəxsləri Anım Günü ilə əlaqədar olaraq şəhid ailələrini yad edənlər sırasında olub.
Təbii qazla yeni təmin olunan Çay Üzü kəndində şəhid ailələrinin yaşadığı fərdi yaşayış evləri SOCAR “Azəriqaz” İB-nin vəsaiti hesabına qazlaşdırılıb. Mavi yanacağın verilməsi ilə əlaqədar əvvəlcə 1-ci Qarabağ müharibəsi şəhidi Nizami Cəbiyevin ailəsi ilə görüş baş tutub.
Daha sonra 44 günlük Vətən müharibəsi şəhidi Tural Aslanovun ailəsi ziyarət olunub. Təbii qazın verilişi təmin edildikdən sonra şəhidlərin əziz xatirəsi yad edilib.
Azad olunmuş ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam edir – VİDEO

Azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində ötən həftə ərzində 199 ədəd tank əleyhinə, 94 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 8 km-dək yeni təminat yolları çəkilib.
Qısa müddət ərzində 300 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdəki yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.
Qərbi Azərbaycan Xronikası: Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Erməniləri bataqlığa sürükləyən balıq beyinli xadimlər” adlı süjetdə Qərbi azərbaycanlılarla bağlı həqiqəti gizlətmək üçün hər cür yalanlar söyləyən Ermənistanın keçmiş ombudsmanı, “Tatoyan” adlı fondu direktoru Arman Tatoyanın böhtan xarakterli çıxışları ifşa olunur.
Bildirilir ki, bu “hüquq müdafiəçisi” Azərbaycana qarşı uydurma açıqlamaları ilə Ermənistan cəmiyyətini ələ salıb, onları çaş-baş vəziyyətə qoyur: “Belə uydurmalar ermənilərin reallığı görməsinə mane olur. Bu baxımdan tatotyanlar mənsub olduqları etnik qrupun əleyhinə fəaliyyət göstərmiş olurlar. Onlar belə fəaliyyəti və açıqlamları ilə erməni xalqının əsl düşmənləridir. Həqiqəti öz xalqından gizli saxlamaq ona xəyanətdir”.
Qeyd olunur ki, A.Tatoyan Qərbi Azərbaycan haqqında heç də uzaq olmayan tarixi faktları, real hadisələri danaraq guya Qərbi Azərbaycanı bir ərazi olaraq tanımaq, Qərbi azərbaycanlıları isə Ermənistan vətəndaşı kimi qəbul etmək istəmədiyini göstərməyə çalışır.
Süjetdə Qərbi Azərbaycan türklərinin Ermənistandakı yurdlarından didərgin salınmasına dair xatırlatma verilir: “1948-1989-cu illərdə başa çatan “Türksüz Ermənistan” siyasəti sayəsində indiki Ermənistan ərazisində 600-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. 1948-1950-ci illərdə SSRİ Nazirlər Şurasının qətnaməsi ilə 100 min azərbaycanlı indiki Ermənistanı tərk etdi. 1988-1991-ci illərdə Azərbaycan Ermənistandan son 250 min qaçqın qəbul edib. Bunların əksəriyyəti Ermənistanın 22 rayonundan didərgin düşən azərbaycanlılar idi”.
Sonda vurğulanır ki, A.Tatoyan özünü balıq yaddaşlı göstərməklə qərbi azərbaycanlıların başına açdıqları faciəni, qətliamı ört-basdır etməyə çalışır: “Bu kateqoriyaya aid ermənilər türklərə, azərbaycanlılara pislik etmir, onlar belə yalan, uydurma, saxta çıxışları ilə öz etnoslarına, ermənilər düşmən kəsilirlər. Odur ki, ermənilərin düşməni türklər deyil, öz etnoslarından olan belə balıq yaddaşlı ictimai-siyasi xadimlərdir. Onlar bu dünyagörüşlə erməniləri firvana gələcəyə deyil, bataqlığa sürükləyirlər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 28-də saat 19:30-da “Baku TV”-də və yutub kanalında yayımlanıb.
“Antiterror tədbiri sanki cərrahiyə əməliyyatı kimi icra olundu”

“Azərbaycan ordusu Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbiri zamanı mülki əhalini hədəf almayıb”.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC”yə açıqlamasında deyib.
O, tədbirin sanki cərrahiyə əməliyyatı kimi icra olunduğunu və yalnız legitim hərbi hədəflərin zərərsizləşdirildiyini bildirib.
“Prosesin icra sürəti onu göstərir ki, bizim niyyətimiz əməliyyatı mümkün qədər tez başa çatdırmaq olub. Belə etməklə həm də qarşı tərəfə göstərdik ki, Azərbaycanın suveren ərazisində qanunsuz saxta dövlət strukturunun mövcudluğu davam edə bilməz” – Əmirbəyov bildirib.
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.
Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Bundan başqa bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.
Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.
Kəmaləddin Heydərov Zəfər parkında – Video

Sentyabrın 27-də Anım Günü münasibətilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub – VİDEO

Sentyabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirliyin rəhbərliyi və bir qrup şəxsi heyəti parkın girişindəki xatirə daşının üzərinə gül dəstələri qoyublar.
Canım oğlum… – Videoreportaj

Azərbaycan xalqı öz qəhrəman övladlarını anır.
Bu münasibətlə şəhidlərin uyuduğu İkinci Fəxri xiyaban ziyarət olunur.
“Qafqazinfo” saytının əməkdaşları Pərvin Zeynal və Xəyal Vəlizadə xiyabanda ziyarətlər zamanı həssas görüntülər lentə alıb.
Videoreportajı təqdim edirik:
Kəmaləddin Heydərov İbrahim Yumaklı ilə görüşdü – Video

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan nazir K.Heydərov İbrahim Yumaklını Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.
Fövqəladə hallar naziri xatırladıb ki, ölkələrimizin liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyi və siyasi iradəsi sayəsində iki qardaş ölkə arasında hərtərəfli əlaqələr ən yüksək səviyyəyə çataraq, strateji müttəfiqlik müstəvisində uğurla inkişaf edir.
Nazir diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin verdiyi siyasi-mənəvi dəstək, həmçinin 2021 və 2022-ci ilin yayında Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə zamanı, habelə bu ilin fevral ayında qardaş ölkədəki dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işlərində Azərbaycanın göstərdiyi həmrəylik ölkələrimiz arasında münasibətlərin sıx və sarsılmaz olduğunun əyani sübutudur.
K.Heydərov Fövqəladə Hallar Nazirliyinin strukturu və əsas fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib, ölkədə fövqəladə hallarla mübarizə sahəsində görülən işlərdən danışıb. Nazir iki qurum arasında meşə yanğınları ilə mübarizə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Səmimi görüşə görə təşəkkür edən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı qardaş ölkədə baş vermiş fövqəladə hadisələr, o cümlədən cari ilin fevral ayındakı dağıdıcı zəlzələ zamanı Azərbaycan tərəfindən göstərilmiş hərtərəfli dəstəyi xatırladıb. O, ölkələrimiz arasında mövcud yüksək səviyyəli münasibətlər çərçivəsində meşə yanğınları ilə mübarizə istiqamətində iki qurum arasındakı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən türkiyəli nazir müvafiq sahədə əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.
Görüşdə qarşılıqı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.
Görüşdən sonra türkiyəli nazir FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.
Həmçinin baxın
Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqelərinin kadrları yayılıb – VİDEO
Qərbi Azərbaycan Xronikası: “Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim” – VİDEO
Azad olunmuş ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam edir – VİDEO
Qərbi Azərbaycan Xronikası: Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq – VİDEO
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir – Fotolar+Video
Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub – VİDEO
Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir – VİDEO
Qarabağda ermənilərin mərmər zavodunun zirzəmisində gizlətdiyi silah-sursat aşkarlanıb – VİDEO
Qərbi Azərbaycan Xronikası: Paytaxtımızda niyə Qərbi Azərbaycana aid küçə yoxdur? – VİDEO
Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edildi – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla