Ağır bədən xəsrətləri alan azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib
Bakıda azyaşlı bədbəxt hadisənin qurbanı olub. Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Binəqədi Rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, 2011-ci il təvəllüdlü Nadir Saleh oğlu Xəlilov 7-ci mikrorayon Kazımovski küçəsi 58 ünvanında yaşadığı evlərinin pəncərəsindən (5-ci mərtəbə) ehtiyatsızlıq nəticəsində yıxılıb.

Ağır bədən xəsrətləri alan azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bu hadisə son 2 gün ərzində uşaq ölümü ilə nəticələnən 3-cü hadisədir. Ötən gün də Göyçay rayon sakini, azyaşlı Rövşən Quliyev hovuza düşərək boğulub.

Daha bir azyaşlı ölümü Beyləqan rayonunda baş verib. Rayonun Birinci Aşıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Yaşar Novruzov idarə etdiyi “Mercedes” markalı, 11- BG- 172 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən Dünyamalılar kəndi ərazisindəki körpünün üstündə idarəetməni itirib və avtomobil yoldan çıxaraq yolun kənarındakı qaz borusuna çırpılıb.

Qəza zamanı zərbənin təsirindən boru partlayıb və yanğın başlayıb. Sürücü və avtomobildə olan sərnişinlər yanan maşından düşüb xilas ola bilsələr də, nəqliyyat vasitəsində olan 2011-ci il təvəllüdlü Zaur Nurlan oğlu Novruzov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.