Bakı İslam Universitetinin diplomlarının tanınmaması ilə bağlı xəbərlər yayılıb. Buna səbəb kimi universitetin 2010-cu ilədək lisenziyasız fəaliyyət göstərməsi qeyd olunur. Diplomlarını təsdiqlədə bilməyən tələbələrin məhkəməyə üz tutduqları deyilir. 

“Qafqazinfo” yaranmış problemə aydınlıq gətirilməsi üçün Təhsil Nazirliyinə müraciət edib. Nazirlik sorğumuza cavabında Bakı İslam Universiteti məzunlarının diplomlarının dövlət nümunəli təhsil sənədləri ilə əvəz edilməsi barədə müraciətlərin mövcudluğunu təsdiqləyib. 

Bildirilib ki, müraciətlərdə onlara məxsus diplom blanklarının yeni dövlət nümunəli təhsil sənədi ilə əvəz edilməsi barədə xahiş olunur. Nazirlikdə bu müraciətlər araşdırılıb və yeni diplom blanklarının verilməsindən imtina edilib:

“Bununla bağlı məhkəməyə müraciət edilib, hazırda həmin mübahisələr müvafiq məhkəmələr tərəfindən araşdırılır. Bildiririk ki, Bakı İslam Universiteti 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərib, tələbə qəbulunu daxili müsahibə yolu ilə aparıb və məzunlara verilən diplom blankları Təhsil Nazirliyi tərəfindən təqdim edilməyib. O cümlədən, Attestasiya Komissiyasının sədrləri də Təhsil Nazirliyi tərəfindən təyin edilməyib. BİU-ya qəbul yalnız 2010-cu ildən mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Ona görə də 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir”.

Qeyd edək ki, Bakı İslam Universiteti 1989-cu ildən fəaliyyət göstərir. Universitetin 3500-dən artıq məzununun öz diplomlarını təsdiqlədə bilmədiyi deyilir.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo