BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya əlavə olunub.

Bunu Bakı Enerji Forumunun layihə rəhbəri Aynurə Nəzərli Bakı Enerji Həftəsinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur: “Bu ilki tədbirdə “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq”, “Enerji təhlükəsizliyi 2.0”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı”, “Yeni texnologiyalar və rəqəmsallaşdırma” kimi mövzular müzakirə olunacaq. Həmçinin müzakirə olunan mövzular sırasında “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi məsələlər də var”.

İstinadlar Report