Xəbər verdiyimiz kimi, dünya üzrə “Windows 10” əməliyyat sistemi ilə işləyən cihazların və sistemlərin işində xəta baş verib. Belə ki, nəhəng şirkətlər uçuşların dayandırıldığını açıqlayıb. Bundan başqa biletlərin bron edilməsi ilə bağlı problemlər yaranıb. 

Bəs bu hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunun iş prosesinə də təsir edibmi?

“Qafqazinfo” məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna sorğu ünvanlayıb. 

Qurumun mətbuat xidmətindən bildirildi ki, “Windows 10” əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə təsir göstərməyib:

“Bakı aeroportunun əməliyyatları Amadeus sistemi üzərindən həyata keçirilir ki, bu da hazırda aeroportun fasiləsiz fəaliyyətini təmin edir. 

Qeyd edək ki, yaranan nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən əksər aviaşirkətlərin işinə də təsir göstərməyib. Bununla belə, yaranan problem “Flynas” aviaşirkətinin Ər-Riyad-Bakı-Ər-Riyad marşrutu üzrə uçuşunu ləğv etməsinə səbəb olub. 

Bundan əlavə, nasazlıq “Wizz Air Abu Dhabi”, “Kuwait Airways” və “Turkish Airlines” kimi aviaşirkətlərin fəaliyyətinə təsir etsə də, bu gün üçün planlaşdırılmış bütün uçuşları həyata keçirilir”.

Lamiyə Məmmədova 

İstinadlar Qafqazinfo