
Yasamal rayonunda yerləşən “Kids Studio” bağçasında uşaqları döyən müəlliməyə qarşı ittiham irəli sürülüb.
Yayılan videoda qeydə alınan faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb. Tərbiyəçi Füruzə Tağıyeva istintaqa cəlb edilib və ifadəsi alınıb.
Ona qarşı irəli sürülən ittiham məhkəmədə sübuta yetirilərsə, müəlliməni hansı cəza gözləyir?
F.Tağıyeva 3-5 yaşlı uşaqlara qarşı fiziki təzyiq edərək əzab verdiyi üçün onun hərəkətləri bu maddənin 2-ci bəndinin 1-ci hissəsi ( iki və ya daha çox şəxsə qarşı törədildikdə) və həmin bəndin 4-cü hissəsi (aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə tövsif edilir. CM-nin 133-cü maddəsinin sanksiyasına görə F.Tağıyevanın bu cinayəti törətdiyi sübuta yetirilərsə, onu 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Eyni zamanda, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təbiyəçiyə şərti cəza da verilə bilər.