Bakı Avrasiya Universitetinin Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova və Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Polşaya bir həftəlik səfərə gediblər.

Səfər proqramı çərçivəsində BAAU-nun prorektorları ilkin olaraq Varşava İqtisadiyyat Məktəbində təşkil olunan tədbirə qatılıblar. 

Tədbiri giriş sözü ilə açan Varşava İqtisadiyyat Məktəbinin rektoru Piotr Wachowiak universitet haqqında geniş təqdimatla çıxış edib. Daha sonra rektor Polşa Rektorlar Konfransına üzv olmağın universitet üçün faydalarından və prezidenti olduğu Varşava Ali Təhsil Müəssisələrinin Rektorlar Konfransı barəsində danışıb. 

Polşa Rektorlar Konfransının prezidenti Arkadiusz Mezyk isə Konfrans adından Azərbaycan nümayəndə heyətini salamlayıb və qurulan əməkdaşlığın hər iki tərəfə faydalı olacağını vurğulayıb. O, Konfransın yaradılması ilə bağlı əldə etdikləri təcrübəni bölüşüb.

Daha sonra çıxış edən Almaniya Rektorlar Konfransının Mərkəzi və Şərqi Avropa, Şərqi Asiya departamentinin rəhbəri Rudolf Smolarczyk Rektorlar Konfransının ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, eləcə də ölkədə universitetlərin koordinasiyalı fəaliyyət göstərməsi baxımından vacib olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan təhsil nazirinin müşaviri, layihə konsorsiumunun üzvü olan Azərbaycan Universitetlərinin rektorları və digər səlahiyyətləri nümayəndələri, eləcə də Magna Charta Müşahidə Şurasının, Macarıstan Rektorlar Konfransının nümayəndələri iştirak ediblər.

Onu da qeyd edək ki, “Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilir.








İstinadlar Qafqazinfo