Aprelin 15-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Bədii Şuranın növbəti iclası keçirilib. Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında yayımlanan veriliş və proqramlar müzakirə edilib.  Nümayiş olunan ədəbi-bədii və musiqili verilişlərin, müxtəlif mövzulu proqramların  bədii tərtibatı ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, yeni layihələrin reallaşmasının vacibliyi vurğulanıb.

İclasda Rəşad İlyasovla bağlı məsələ də müzakirə olunub. Sənətçinin Dövlət Televiziyasında yayımlanan “Yaradanlar və yaşadanlar” verilişini bağlamaq və ona altı ay efir qadağası qoymaq təklifi Bədii Şuranın üzvləri tərəfindən bəyənilib.

Qeyd edək ki, Rəşad İlyasov 4 aprel tarixdə “Space” telekanalında yayımlanan “Hər səhər” verilişində mahnı oxuyarkən etik normalara sığmayan ifadələr işlətmişdi.