“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun koronavirusa yoluxmuş əməkdaşlarının son durumu ilə bağlı məlumat yayıb.

AzTv-dən Azərbaycan 24-ə bildirilib ki, hazırda 5 əməkdaş xəstəxanada koronavirusdan müalicə alır: “1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur. Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində gücləndirilmiş dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır. Ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız 1000 nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir”.

Qeyd edək ki, ötən gün axşam saatlarında AzTv-nin Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev, bir neçə gün əvvəl isə QSC-nin rejissoru Samir Nemətzadə koronavirusdan vəfat edib.