Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti məntəqələrinin sayını və əhatə dairəsini genişləndirməkdə davam edir.

Bu gün şirkət işğaldan azad olunmuş ərazilərdə 3-cü, ölkə üzrə isə 97-cı yanacaqdoldurma məntəqəsini (YDM) istismara verdi.

“Azpetrol” brendi altında fəaliyyət göstərən növbəti modul tipli YDM Suqovuşan qəsəbəsində yerləşir. Yeni YDM-də “Aİ-92”, “Premium” və “Dizel” yanacaq növləri satılacaq. YDM-də 4 yeni iş yeri yaradılıb. Beləliklə, “Ağalı YDM”, “Hadrut YDM” və “Suqovuşan YDM”-nin işçilərini nəzərə alaraq, “Azpetrol” işğaldan azad edilmiş ərazilərdə 13 daimi iş yeri açıb.

“Azpetrol”un ilk YDM-i – “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkənin əksər iqtisadi zonalarında ümumilikdə 97 YDM-i, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

İstinadlar Report