“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

SOCAR “Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə növbəti “Açıq qapı” aksiyası keçirilib.
Tədbirdə çıxış edən Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov son 1 ildə paytaxt və Abşeron rayonu üzrə abonentlərin sayında 42 min artımın qeydə alındığını bildirib. Departament rəisi aksiya çərçivəsində qaz xətlərinə kənar, yəni qanunsuz qoşulmalarda da artım müşahidə olunduğunu deyib.
Media nümayəndələri ilə görüşdə SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev kənar qoşulmalarla bağlı abonentlərə müraciət edib.
Şöbə rəisi həmçinin fərdi yaşayış evləri və ya mənzillərə qaz xətlərinin çəkilməsi məsələsinə də toxunub. O, qeyd edib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Daha ətraflı video materialda:
Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO

ABŞ Prezidenti Cozef Bayden ölkənin miqrasiya ilə bağlı mövqeyini açıqlayarkən təsadüfən Kanada əvəzinə Çini tərifləyib.
Bu barədə “Fox News” məlumat yayıb.
Bayden Ottavada Kanada parlamentində çıxışı zamanı ABŞ-ın immiqrasiya siyasətini müzakirə edərkən yenidən səhv danışıb.
“Biz Birləşmiş Ştatlarda insan alverini alovlandıran qeyri-qanuni miqrasiyanın qarşısını almaqla təhlükəsiz və humanitar baza təmin etmək üçün qanuni miqrasiya marşrutlarını genişləndiririk. Ona görə də bu gün mən Çinin çıxmasına görə alqışlayıram… Bağışlayın, Kanadanı alqışlayıram”-deməsi parlamentarilərin gülüşünə səbəb olub.
Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl – Video

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində kənar müdaxiləyə məruz qalan 3 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə aparılıb.
“Azəriqaz”dan verilən məlumata görə, abonentlərin razılığı ilə sayğaclara vizual baxış keçirilib və hər 3 sayğacda qanunsuz kənar müdaxilə halı təsdiq olunub.
“Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, bu kimi hallara qarşı qanun çərçivəsində tədbirlər görüləcək” – “Azəriqaz”ın açıqlamasında bildirilir.
Daha ətraflı video materialda:
Sərhədi pozmağa cəhd edən pakistanlılar saxlanıldı – Video

Mart ayının 24-də saat 15:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Samux rayonunun Salahlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 5 (beş) nəfər Pakistan İslam Respublikası vətəndaşları saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
“Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – rəsmi məlumatda bildirilib.
“Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO

Xəbər verdiyimiz kimi, İsmayıllıda zəlzələ baş verib.
Rayon sakinləri zəlzələ anı ilə bağlı “Xəzər Xəbər”ə danışıblar.
Sakinlərdən biri yeraltı təkanların güclü olduğunu, xoşbəxtlikdən qısa çəkdiyi üçün dağıntıların qeydə alınmadığını deyib: “Ev silkələndi, mən uşağı götürüb qaçırdım. Bu vaxt yoldaşım şkafı tutdu ki, aşmasın”.
Ətraflı videomaterialda:
Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.
Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.
Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Azərbaycan MN Qarabağdakı rus qüvvələrinə xəbərdarlıq etdi – VİDEO

Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.
Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.
Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.
Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.
“Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər heyətinin təşəbbüsü ilə başladılan “Başdan ayağa” aksiyası artıq bölgələr üzrə işini davam etdirir.
Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri bayram günlərində İdarənin qəza xidmətinin əməkdaşlarına dəstək olmaq məqsədi ilə abonent tərəfindən daxil olan müraciətin birinin icrasını öz üzərinə götürüblər.
Ətraflı video materialda:
58 gün sonra 55 yaşında… – Video+Fotolar

Xəbər verdiyimiz kimi, ötən gün əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev avtomobil qəzasında həlak olub.
Onun qəfil faciəvi şəkildə ölümü incəsənət aləmində olan dostları üçün də sarsıdıcı olub.
Sənət aləmindən söz düşmüşkən, Oqtay Əliyev son olaraq xanımı Dilarə Əliyeva ilə birgə Əməkdar artist Tünzalə Əliyevanın dəfn mərasimində iştirak edərkən görüntülənmişdi.
Oqtay Əliyev elə dəfn mərasimində “Qafqazinfo”ya açıqlama verərək “Toppuş bacı”nın ölümündən kədərləndiyini bildirmişdi. T.Əliyeva barəsində “Allah rəhmət eləsin!” deyən rejissor onun üçün bu kəlməni işlətdiyinə inanmadığını demişdi.
Təəssüf ki, həmin dəfn mərasimindən 58 gün sonra 55 yaşlı Oqtay Əliyevin özü barəsində “Allah rəhmət eləsin!” cümləsi işlədirilir.
Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. O, 1998-ci ildə “SOY” prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb.
Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO

Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək.
Bu barədə Güney Azərbaycan türklərinin yaydığı çağırışda deyilir.
Çağırışda bildirilir ki, “Azadlıq və ədalət yürüşü”nə bütün türklər dəvətlidir:
“Avropada yaşan bütün türkləri Güney Azərbaycanın “Azadlıq və ədalət yürüşünə” çağırırıq! Bu mitinqdə Güney Azərbaycan türklərinin faşist və irqçi İran rejiminə qarşı mücadiləsinin haqq səsi bütün azad dünya ictimaiyyətinə çatdırılacaq”.
Daha sonra qeyd edilir ki, mitinqdə İran rejiminin son aylarda ortaya çıxan narazılıqları qanla basdırmasına etiraz ediləcək:
“İran rejiminin son aylarda qətlə yetirdiyi 500-dən çox etirazçının böyük qismi türklərdən ibarətdir. Güney Azərbaycan türklərinin səsi ən yüksək səviyyədə dünyaya çatdırılmalıdır”.
Çağırış müəllifləri, “biz Güney Azərbaycan türkləri olaraq, belə bir gündə Quzey Azərbaycan, Türkiyə və bütün türk dünyasından olub Avropada yaşayan soydaşlarımızı da yanımızda görmək istəyirik və onları bizə dəstək verməyə dəvət edirik. Bu gün bütün türklərin İran-fars faşizminin qarşısında tək vücud olduğunu göstərmək günüdür. Bütün türk dünyasının vahid ruh və bədən olduğunu bütün dünya bir daha görsün”, – deyir.
Çağırış “Yaşasın Azərbaycan!”, “Yaşasın türk dünyası!”, “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarları ilə bitir.
Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video

Ucar rayonunun Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi işləri yekunlaşmaq üzrədir.
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi Ucar rayonunun Şahlıq kəndində də qaz təsərrüfatına dair işlər görülməkdədir.
“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən nəzərdə tutulmuş layihə üzrə kəndin küçə və daşıyıcı qaz xətlərinin çəkilişi üçün ümumilikdə 18 km uzunluğunda qaz xətti çəkilib.
İşlər artıq yekunlaşmaq üzrədir.
Hal-hazırda boyama və betonlanma işləri həyata keçirilir.
Daha ətraflı video materialda:
Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Vətənimizin hər obasında, hər elində Novruz bayramına başqa bir rəng, başqa bir ab-hava, başqa bir coşqu qatılır. Novruzda sanki hisslər, duyğular, ruhlar yenilənir, təzələnir. İşğaldan azad edilən Füzuli rayonunun Qoçəhmədli kəndində də təbiət oyanıb, bu yerlərə yeni nəfəs gəlib.
Qoçəhmədli kəndinin bir qrup sakini işğaldan azad edilən kəndlərini Novruz bayramında ziyarət edərək, tonqal qalayıb, ötən günləri bir daha yada salıb, həsrətli günləri geridə qoyublar.
Novruz bayramı münasibətilə doğma torpaqlarına üz tutan bir qrup kənd sakini arasında tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov da var. Xanəndə bir vaxtlar doğulduğu bu kəndin azyaşlısından tutmuş ağsaqqalına kimi hər kəsin yüksək əhval-ruhiyyə ilə Novruza hazırlaşaraq, bu bayramı çal-çağırla necə qeyd etməsindən danışır: “Qoçəhmədli iki böyük sənətkarın – İslam Rzayev və Süleyman Abdullayevin kəndi kimi tanınır. Qoçəhmədlinin ən hündür yerində qədim məscid və bəy evi kimi tanınan tarixi tikililər var. Oranı ermənilər viran qoyublar. Məsciddən tövlə kimi istifadə ediblər, bəy evi isə tamamilə uçurulub, dağıdılıb. Kənd sakinləri bəy evinin qarşısında tonqal qalayıb, bayram qeyd edərdilər. O çal-çağır səsləri hələ də qulağımdadır”.
Neçə illər idi ki, qoçəhmədlilərin Novruz bayramında bir istəkləri, bir arzuları vardı: Doğma torpaqlarının işğaldan azad olunması, Novruz tonqalının kəndlərində qalanması. O arzu artıq üç ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində reallaşıb.
Qoçəhmədli kəndinin sakinləri indi sevinc içindədirlər. Soyuq olmasına baxmayaraq, doğma kəndlərinin havasını alıb, torpağın qoxusunu hiss edən qoçəhmədlililər üçün bu bahar tam fərqli keçir. Onlar arzu etdikləri kimi, budəfəki Novruzda öz ata-baba ocaqlarında tonqal qaladılar, bayramlaşdılar. Tezliklə bu kənd də dövlətimiz tərəfindən yenidən qurulacaq, sakinlər hər bayramda tonqal ətrafına yığışıb, əvvəlki kimi deyib-güləcək, şənlənəcəklər.
Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində Novruz bayramı ilə əlaqədar gücləndirilmiş və fasiləsiz iş rejimi tətbiq edilir.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, sürücülərdən qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyyə olunur. Saatından asılı olmayaraq texniki müayinə mərkəzlərində rahatlıqla texniki baxışdan keçmə imkanı yaradılıb.
Texniki Müayinə Mərkəzlərində, həmçinin şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçılarının rahatlığını təmin etmək və növbə gözləməmələri üçün ayrıca qəbul pəncərəsi fəaliyyətə başlayıb.
Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı (012) 590-71-13 nömrəli qaynar xətt ilə əlaqə saxlaya bilərlər.
“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Nəsimi RPİ, eləcə də ərazi polis şöbə və bölmələri rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti dəfə əməliyyat keçirib.
Əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Onlardan bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olmaları da müəyyən edilib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Nəsimi Rayon Polis İdarəsinin (RPİ), eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin” və “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib, daha 8 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar.
Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.
Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub.
Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən söhbət açıblar.
Silsilə tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.
Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib.
Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Həmçinin baxın
Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO
Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO
Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO
Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video
Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO
“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video
“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video
GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO
Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb – VİDEO
Damyan Krneviç: “Makron başa düşməlidir ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində ona yer yoxdur” – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla