“URGENCES PANAFRICANISTES” qeyri-hökumət təşkilatı (QHT) Azərbaycanın dəstəyinə ümid edir və Bakı Təşəbbüs Qrupunu (BTQ) səmimi dost hesab edir”.
Bunu Bakıda jurnalistlərə QHT rəhbəri Kemi Seba deyib.
“Biz bura ona görə gəlmişik ki, Qərbin zülmündən bezmişik. Biz burada, Azərbaycandayıq, çünki dəstək axtarırıq və inanıram ki, Bakı müəyyən müddət və ya uzunmüddətli əsasda bizi dəstəkləyəcək. Biz burada səmimi dostlar axtarırıq və Bakı Təşəbbüs Qrupunda səmimi dost görürük”, – o bildirib.
K.Seba əlavə edib ki, Avropadakı dörd böyük köləlik sistemi, daha doğrusu, müstəmləkə sistemi bu gün də öz təsirini nümayiş etdirir.
“Mən Bakıdayam, çünki Bakının bizim üçün nə edə biləcəyini bilirəm və inanıram ki, biz birlikdə böyük işlər görəcəyik. Bununla yanaşı, Fransa Ermənistanı dəstəklədiyi üçün biz də təbii olaraq Azərbaycanı dəstəkləyirik”, – QHT rəhbəri vurğulayıb.
O, həmçinin 25 ildir imperializmlə mübarizə apardığını və bu müddət ərzində qaradərililərə qarşı ayrı-seçkiliyin şahidi olduğunu bildirib.
“Fransa rejimi iki dəfə məni həbs edib. İki dəfə Fransada, iki dəfə isə Afrikada saxlanılmışam. Bəxtim gətirdi ki, azadlığa çıxa bildim. Fransa bu günlərdə də Afrikanın qaradərili əhalisinə təsir göstərə bilir, onu öz əlində saxlamaq üçün Qərbin mövcudluğuna ehtiyac olduğunu bəyan edir və diasporları vasitəsilə fəaliyyətini davam etdirir”, – K.Seba qeyd edib.
Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.
K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.
Fransa hökumət orqanları K.Sebanı mövqeyindən geri çəkilməyə və fəaliyyətindən imtina etməyə məcbur etmək üçün bir neçə dəfə həbs edib.
Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.
K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.