Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) öz iştirakını müşahidəçi statusuna qaldırmaq təşkilat çərçivəsində qəbul edilən bir sıra qərarlarda və proqramlarda Azərbaycanın da rəyinin alınmasına və ya bu proseslərdə Azərbaycanın iştirakına təkan verəcək.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nağı Əhmədov deyib.
O qeyd edib ki, təşkilatın üzvləri ilə ikitərəfli münasibətlərin yüksək səviyyəsi təbii proses olaraq Azərbaycanın ŞƏT-də müşahidəçi statusunu qaldırmasını zəruri edib:
“ŞƏT ilə əməkdaşlıq, xüsusilə, 2016-cı ildə Azərbaycan dialoq tərəfdaşı statusu aldıqdan sonra inkişaf etməyə başlayıb. Ancaq ŞƏT-də təmsil olunmağın üç səviyyəsi mövcuddur. Dialoq tərəfdaşlığı başlanğıcdır, ikinci mərhələ müşahidəçi statusu almaq, son mərhələ isə tamhüquqlu üzvlükdür. Azərbaycan dialoq tərəfdaşı olduqdan sonra bir neçə dəfə müşahidəçi statusu ilə bağlı təkliflərlə çıxış edib. Lakin bu, müəyyən dövrlərdə təşkilata üzv olan bəzi dövlətlər tərəfindən bloklanıb. Lakin bu gün yenidən Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı statusunu müşahidəçi statusu ilə dəyişməklə bağlı yeni fikirlər mövcuddur”.
Ekspert diqqətə çatdırıb ki, ŞƏT-lə münasibətləri Azərbaycan, əsasən, ikitərəfli münasibətlər çərçivəsində inkişaf etdirir:
“Yəni təşkilata üzv olan bir çox ölkələrlə Azərbaycanın çox yaxşı münasibətləri var. Buna nümunə olaraq ŞƏT-in əsas qurucu üzvlərindən olan Çinlə Azərbaycan arasındakı strateji tərəfdaşlıq sənədinin imzalanmasını göstərmək olar. Təşkilatın digər üzvü olan Rusiya ilə də Azərbaycanın strateji tərəfdaşlığı mövcuddur. Buraya biz Mərkəzi Asiya ölkələri olan Özbəkistan və Qazaxıstanı da əlavə edə bilərik. Təşkilatın üzvü olan Pakistan, Qırğızıstan, Tacikistan kimi ölkələrlə də Azərbaycanın münasibətləri yüksək səviyyədədir”.
Mütəxəssisin sözlərinə görə, ŞƏT və onun üzvləri Azərbaycanın da üzərində yerləşdiyi nəqliyyat dəhlizlərindən yararlanan ölkələrdir və bu reallıq Azərbaycanı təşkilat üçün maraqlı aktora çevirir:
“Bu baxımdan, biz Şərq-Qərb nəqliyyat dəhlizini və ya başqa sözlə, Orta Dəhlizi qeyd edə bilərik. Çin və ya təşkilata üzv olan digər Mərkəzi Asiya ölkələri bu nəqliyyat dəhlizində maraqlıdırlar. Digər tərəfdən, Şimal-Cənub nəqliyyat dəhlizinin də, xüsusilə, İranın təşkilata üzv olmasından sonra ŞƏT üçün əhəmiyyəti artıb. Hər iki nəqliyyat dəhlizinin məhz Azərbaycan ərazisindən keçməsi təşkilat üçün də Azərbaycanı maraqlı aktor edir. Bu baxımdan, Azərbaycanın statusunun yüksəldilməsi hər iki tərəf üçün bu gün daha aktual və vacibdir”.
N.Əhmədov vurğulayıb ki, ŞƏT-də müşahidəçi statusu almaq Azərbaycana təkcə siyasi yox, həm də iqtisadi dividentlər qazandıracaq:
“Son dövrlərdə Azərbaycanın təşkilata üzv olan ölkələrlə iqtisadi tərəfdaşlığının, xüsusilə də ticarət səviyyəsinin yüksəlməsi, Azərbaycanın idxalında Çinin payının artması onu deməyə əsas verir ki, bu təşkilata üzvlük Azərbaycana təkcə siyasi yox, həm də iqtisadi dividentlər qazandıracaq. Bundan başqa, son dövrlərdə ŞƏT-in gündəmində duran mövzular genişlənməkdədir. Buraya ŞƏT ölkələri arasında daha çox elm və texnologiya sahəsində əməkdaşlığın inkişafı və bununla bağlı xüsusi proqramların qəbul edilməsi, ətraf-mühit məsələlərinə yer verilməsi daxildir. Bu istiqamətdə təşkilata üzv ölkələrin, xüsusilə, Mərkəzi Asiya ölkələrinin təşəbbüsü ilə təşkilat çərçivəsində müəyyən strategiyalar qəbul edilib. Nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək, bu baxımdan, təşkilatın gündəmində olan həmin məsələ də Azərbaycanla ŞƏT-i birləşdirən ortaq nöqtəyə çevrilə bilər”.