
Azərbaycanın Rus İcması ölkə rəhbərliyinin Qarabağın erməni əhalisinin çoxmillətli Azərbaycan cəmiyyətinə tez bir zamanda reinteqrasiyasına yönəlmiş səylərini tam dəstəkləyir.
Bu barədə icmanın bəyanatında deyilir.
“Qarabağda lokal antiterror tədbirləri və sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Prezidentinin nümayəndələri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş uzunmüddətli münaqişəyə son qoyub. Növbəti gün Qarabağın erməni sakinlərinin nümayəndələrinin xahişi ilə sosial və humanitar məsələlərin müzakirəsi kontekstində Ağdam-Xankəndi yolu ilə müxtəlif ərzaq məhsulları və gigiyena vasitələri olan 2 yük maşını, o cümlədən çörək dolu 2 avtomobil yola salınıb”, – bəyanatda vurğulanıb.
“Azərbaycanın rus əhalisi olaraq əminik ki, Qarabağ bölgəsi ermənilərinin reinteqrasiyası üzrə sosial-iqtisadi plan ölkə Konstitusiyasının bütün hüquq və normalarına tam uyğundur. Azərbaycan ənənəvi olaraq bir çox etnik qrupların sülh və harmoniya şəraitində yaşadığı çoxmillətli, multikultural ölkədir. Tariximiz boyu milliyyətindən və dinindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün xalqlar arasında həmişə sülh olub. Bütün Cənubi Qafqazda sülhün, inkişafın və firavanlığın vaxtı çatıb”, – mətndə bildirilib.