28 May-Müstəqillik Günü münasibətilə Azərbaycanın Pakistandakı Səfirliyi İslamabad şəhərində rəsmi qəbul keçirib.

Səfirlikdən verilən məlumata görə, qəbulda əsas qonaq qismində Pakistanın Baş nazirinin İqlim Dəyişiklikləri və Ətraf Mühitin Koordinasiyası üzrə koordinatoru Romina Xurşid Alam, senatorlar, xarici ölkələrin Pakistandakı səfirləri, Pakistanın dövlət qurumlarının, ictimaiyyət, mədəniyyət və işgüzar dairələrin nümayəndələri, Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, QHT və KİV nümayəndələri, o cümlədən Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycanın və Pakistanın himnləri səsləndirildikdən sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu il 106-cı ildönümünü qeyd edən Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) keçdiyi müstəqillik yolundan danışıb. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də yaradıldığını və onun müsəlman Şərqində ilk demokratik respublika olduğunu vurğulayıb.

Xəzər Fərhadov AXC-nin mövcud olduğu 23 ay ərzində əldə etdiyi uğurlar barədə danışaraq ilk Milli Məclisin və Hökumətin formalaşmasını, sərhədlərin müəyyənləşdirilməsini, bayraq, himn, gerb kimi dövlət rəmzlərinin həmin qısa dövr ərzində qəbul edilməsi haqqında iştirakçılara müfəssəl məlumat verib. O əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, demokratik ənənələrin formalaşmasında və milli dövlətçilik tarixinin formalaşmasında mühüm rol oynayıb, respublikanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.

Səfir qeyd edib ki, AXC-nin hüquqi varisi olan Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa edib və öz suverenliyini Azərbaycan xalqı və dövləti qarşısında böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin sayəsində qoruyub saxlaya bilib. O əlavə edib ki, bu gün Azərbaycan Heydər Əliyev siyasətini Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirir və zənginləşdirir.

Vətən müharibəsi haqqında danışan diplomat vurğulayıb ki, Azərbaycan 2020-ci ildə İlham Əliyevin rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsini yerinə yetirərək beynəlxalq səviyyədə tanınmış ərazilərini Ermənistanın 30 ilə yaxındır işğalından azad edib.

Azərbaycanın beynəlxalq aləmdə keçdiyi inkişaf prosesindən danışan Xəzər Fərhadov Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər bir çox mühüm təşkilatlara uğurla sədrlik etdiyini diqqətə çatdırıb. O, həmçinin 2024-cü il mayın 1-3-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdırıb. Səfir əlavə edib ki, Azərbaycan bütün ölkələrin yekdil dəstəyi ilə 2023-cü ilin dekabrında COP29-a növbəti ev sahibliyi etmək üçün seçilib və bu, Azərbaycanın iqlim dəyişikliyinin milli, regional və qlobal miqyasda həllində liderliyinin və səylərinin tanınmasını nümayiş etdirir.

Pakistan ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər barədə danışan diplomat həmin əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf etməkdə olduğunu diqqətə çatdırıb. Səfir bidirib ki, Azərbaycan ilə Pakistan arasında 2022-ci ildən PİA, 2023-cü ildən isə AZAL tərəfindən həyata keçirilən (İslamabad, Kəraçi və Lahordan) birbaşa uçuşlar bu əlaqələrin inkişafına böyük töhfə verir. O, həmçinin qeyd edib ki, 2023-cü ildə Azərbaycana 50 mindən çox pakistanlı turist gəlib.

Səfir Xəzər Fərhadov əlavə edib ki, Pakistan Azərbaycanın onlayn ASAN viza sisteminə daxil olan ölkələrdən biridir. Pakistan vətəndaşları 3 saat ərzində internet vasitəsilə asanlıqla viza ala və Azərbaycana səfər edə bilərlər. Bu birbaşa əlaqə iki ölkənin bütün dairələrindən olan insanları daha da yaxınlaşdırır. 2022-ci ilin dekabrında Azərbaycan hökuməti qardaşlıq münasibətlərini nəzərə alaraq Pakistandan idxal edilən həmin ölkə mənşəli düyü idxal gömrük rüsumundan azad edilib. Təsadüfi deyil ki, 2023-cü il ərzində iki qardaş ölkə arasında ticarət dövriyyəsi 100 milyon dollara çatıb.

Tədbirin ali qonağı, Baş nazirin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə əlaqələndiricisi xanım Romina Xurşid Aləm çıxışında ilk növbədə Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Baş nazirin koordinatoru Azərbaycan ilə Pakistan arasındakı əlaqələrdən danışaraq bildirib ki, Pakistan müstəqilliyinin ilk günündən Azərbaycan ilə qardaşlıq əlaqələrini yüksək qiymətləndirir.

Pakistanın Azərbaycana həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq hərtərəfli dəstəyini davam etdirdiyini vurğulayan Baş nazirin əlaqələndiricisi Pakistanın 1991-ci il dekabrın 12-də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirib.

Tədbirin sonunda “28 May-Müstəqillik Günü”nün 106-cı ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib, xatirə şəkilləri çəkilib.

İstinadlar Report