ABŞ-ın Napa Vadisində “Sülhün Kökləri” təşkilatının vasitəçiliyi ilə “Sülh üçün çağırış festivalı”nda (“The Festival of the Bells for Peace”) Azərbaycanın mina problemi müzakirə olunub.

“Sülh üçün çağırış festivalı” təhlükəli ərazilərin minalardan təmizlənməsi, müharibənin təsirinə məruz qalmış bölgələrin yenidən qurulması və bərpası üçün yardım vəsaitinin toplanmasına həsr olunub.

Tədbirdə Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev panel müzakirələrdə iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kuhn dünyanın 30 ölkəsində 30 milyondan çox minanın basdırıldığını və bunun insanların təhlükəsiz yaşam şəraitinə ciddi şəkildə təsir göstərdiyini vurğulayıb. Həmçinin, Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasına toxunub. Bildirib ki, cari ilin mart ayında BAMF-ın dəvəti və ANAMA-nın dəstəyi ilə ölkəmizə səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə baş çəkib, minalarla yüksək səviyyədə çirklənmənin öz gözləri ilə şahidi olub və beynəlxalq ictimaiyyətə bu sahədə dəstək verməyə çağırış edib. Eyni zamanda, Qarabağda icra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti istiqamətində görülən işlərin sevindirici olduğunu qeyd edib.

Birinci paneldə çıxış edən spikerlər diplomat Kenet Quin, səfir Xəzər İbrahim, Ramil Əzizov və Rotari klub nümayəndəsi Sehab Elavar Azərbaycanın mina problemi və onun həllinə beynəlxalq dəstək istiqamətində müzakirələr aparıblar.

Çıxış zamanı səfir Xəzər İbrahim Azərbaycan ərazilərinin minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer aldığını və hazırkı hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını qeyd edib. Mövcud mina probleminin icra edilən bərpa və yenidənqurma işlərinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına ciddi maneə olduğunu, eləcə də regionda sabitlik və davamlı sülhün təmini sahəsində beynəlxalq resursların cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

ANAMA-nın İdarə rəisi bildiib ki, baş verən 158 mina insidentindən 116-sı keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Mina qurbanlarının sayı və Agentlik tərəfindən mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verib. Həmçinin Azərbaycan hökuməti tərəfindən aparılan minatəmizləmə əməliyyatlarının dayanıqlı inkişafa xidmət etdiyini vurğulayıb.

Tədbir ABŞ, Kolumbiya, Yaponiya, Ukrayna, Belarus, Xorvatiya, Livan və Laosdan iştirak edən müvafiq nümayəndələrin mina təhlükəsi, minaların törətdiyi fəsadlarla bağlı çıxışları ilə davam edib.

Tədbirin 2-ci günündə “Sülh üçün Minalardan Üzümlüklərə qlobal çağırışı” adlı şam ziyafəti təşkil olunub. Burada çıxış edən Umud Mirzəyev Qarabağa qayıdış prosesində və minatəmizləmə əməliyyatlarında vətəndaş cəmiyyəti təşkilatı olaraq BAMF-ın fəaliyyətlərindən və “Sülhün Kökləri” təşkilatı ilə olan uğurlu əməkdaşlıqdan danışıb. BAMF prezidenti, həmçinin Qarabağda “Minalardan Üzümlüklərə” layihəsinin icrasına başlanılması ilə bağlı qlobal çağırış edib.

Qeyd edək ki, “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kuhnun bütün dünyada minaların məhv edilməsi, mina sahələrinin üzüm və meyvə bağlarına çevirmək təşəbbüsü milyonlarla insanın həyatına təsir edib. Müharibə zonalarında “sülh toxumları” səpmək məqsədilə başladılan “Mines to Vines” ideyası bu gün dünyanın müxtəlif ölkələrində uğurla həyata keçirilir.

İstinadlar Report