Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gədəbəy və Tovuz rayonlarında “KOB dostları” fəaliyyətə başlayıb.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilir ki, KOBİA regionlarda sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və təkliflərinin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə sahibkarların məlumatlandırılması üçün görüşlərini davam etdirir.

Növbəti belə görüşlər oktyabrın 1-də Gədəbəy və Tovuz rayonlarında təşkil olunub. KOBİA və müvafiq rayonların icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilmiş görüşlərdə sahibkarlar və onlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Sahibkarlarla görüşlər çərçivəsində həmçinin, KOBİA-nın Gədəbəy və Tovuz üzrə Kiçik və Orta Biznesin dostları – “KOB dostları” rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bununla da Qazax-Tovuz iqtisadi rayonunda “KOB dostları”nın sayı 3-ə çatıb. Hazırda KOB dostları ölkənin 37 şəhər və rayonunda fəaliyyət göstərir.

Gədəbəy və Tovuz rayonlarında “KOB dostu” ofisləri Heydər Əliyev Mərkəzlərində yerləşir. “KOB” dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. “KOB dostu” ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.

Sahibkarlarla görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznesə yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək mexanizmi kimi KOB dostlarının regionlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb. Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa dəvət olunub, KOB dostu şəbəkəsinin genişlənərək, ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyi bildirilib.

İstinadlar Report