Azərbaycanın bir qrup şəhid ailəsinin qardaş ölkə Türkiyəyə səfəri baş tutub.

“Kırşəhir Şəhid Ailələri Dərnəyi” İctimai Birliyinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində şəhid ailələrimiz, öncə, paytaxt Ankaraya, sonra Kırşəhrə səfər edərək, zəngin proqram əsasında ziyarətlərdə, tədbirlərdə iştirak ediblər.

Səfər “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB), “Ərkivan Transport” Beynəlxalq yükdaşıma şirkəti və evsahibi – Kırşəhir Şəhid Ailələri Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət-qayğısını örnək alan ictimai təsisatlarımız bu səfəri gerçəkləşdirməkdən qürur və məmnunluq hissi keçirir.

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adlı tədbirlər silsiləsi Kırşəhirli şəhid ailələrinin təşrifi ilə daha öncə Azərbaycanda başlayıb. Qardaş ölkənin şəhid ailələri RHİMİB-in evsahibliyi ilə maraqlı görüşlərdə, tədbirlərdə, müzakirələrdə iştirak edib və beləliklə, müvafiq ictimai birliklər arasında səmimi işbirliyi mühiti yaranıb.

Hər iki ölkənin ictimai birlikləri qəhrəman şəhidlərimizin ailə üzvlərini də şəhidlərimiz kimi əziz bilir və şəhidlərimizin xatirəsini layiq işlər, layihələrlə anmağı, əziz tutmağı mənəvi borc bilir.

Qardaş ölkəyə səfərdə şəhid ailələrimizi Xüsusi təyinatlı qüvvələrin gizirləri – Aprel döyüşlərinin şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərlinin anası Ziba xanım Əsgərova, Silahlı Qüvvələrin şəhid əsgərləri İman və Bəhram Məmmədzadə qardaşlarının atası Elman Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin həyat yoldaşı Gülnar xanım Abdullayeva, Milli Qəhrəman, şəhid leytenant Samir Xasiyevin anası Gözəl xanım Xasıyeva, Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə xanımı Axundova, Silahlı Qüvvələrin əsgəri, Aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun anası Ceyran xanım Həsənova, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Rahib Babayevin həyat yoldaşı Aygün xanım Babayeva, Quru Qoşunlarının leytenantı, şəhid Ravil Hümbətovun həyat yoldaşı Leyla xanım Hümbətova, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, şəhid Rafail Hüseynovun atası Teymur Hüseynov təmsil edib.

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adlı layihə çərçivəsində Azərbaycanlı şəhid ailələrimizin RHİMİB-in rəhbərliyinin müşayiəti ilə Türkiyə səfəri iyunun 10-da başlayıb. Səfərin ilk günü RHİMİB, Kırşəhir Şəhid Ailələri Dərnəyi rəhbərliyi və Türkiyə, Azərbaycan şəhid ailələri Ankarada başda Anıtqəbr olmaqla, ziyarətlərdə bulunub.

Qardaş ölkəyə səfərin ikinci günü, Kırşəhirdən seçilmiş Millət vəkili Nəcməddin Ərkan Türkiyə Böyük Millət Məclisində (TBMM) RHİMİB sədri Arzu Bağırovanı, Azərbaycandan olan şəhid ailələrini və evsahibi qurumun rəhbərliyini qəbul edib.

Görüşdə, prezindentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlığı, onların siyasi iradəsi sayəsində qardaş ölkələrimiz arasındakı münasibətlərin ən yüksək səviyyəyə çatdığı vurğulanıb. O cümlədən qardaşlığımızın qızıl tacı – üç il öncə Milli Qurtuluş Günündə imzalanmış “Şuşa Bəyannaməsi”nin mahiyyətindən söz açılıb.

Sarsılmaz birliyimizdən, qardaşlığın güclənməsindən söz açan millət vəkili, hər bir şəhid ailəsinə qəhrəman şəhidlərimizin tablosunu hədiyyə edib.

Qardaş Türkiyəyə səfər çərçivəsində Türkiyə DİN Sivil Toplumla İlişkilər (Vətəndaş Cəmiyyəti ilə Əlaqələr) Baş Müdürlüyündə “Layihə-Dəstək” İdarəsi başqanı Mehmet Fatih Günay RHİMİB rəhbərliyi və Azərbaycandan gələn şəhid ailələrini qəbul edib. Qardaş ölkələrimizin uyğunprofilli ictimai birlikləri arasında işbirliyinin bugünü və perspektivi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Ankaradan sonra görüşlər Kırşəhirdə davam edib. Kırşəhir valisi Xüdayar Mete Buhara RHİMİB sədri və evsahibi təşkilatın rəhbərlərinin iştirakı ilə, Azərbaycandan olan şəhid ailələrini qəbul edib. Çox səmimi keçən görüşdə Xüdayar Mete Buhara şəhid ailələrimizin hər birinə xüsusi diqqət göstərib, Kırşəhirlilərin salam-sayğısını digər şəhid ailələrinə də çatdırmağı xahiş edib.

Dövlət başçılarımızın bütün dünyaya nümayiş etdirdiyi birlik, bərabərlik və sarsılmaz qardaşlıq örnəyindən söz açan vali, bu qardaşlıq, əvəzsiz dostluq və örnək qonşuluğumuzun əbədi olduğunu deyib.

Səfər çərçivəsində daha bir görüş Kırşəhir Gənclik və İdman müdiri Numan Şahinlə olub. RHİMİB və evsahibi təşkilatın rəhbərliyini, Azərbaycandan gələn şəhid ailələrini qəbul edən Numan Şahin ölkəmiz, qardaşlığımız və ortaq maraqlarımız haqqında fikirlərini bölüşüb.

Azərbaycan ilə Türkiyə arasında bütün əməli çalışma sahələri üzrə işbirliyinin yüksək səviyyədə olmasından məmnunluqla söz açan Numan Şahin, şəhid ailələri arasındakı birlik-bərabərliyi də yüksək dəyərləndirib.

Səfər çərçivəsində daha bir görüş Kırşəhir Sivil Toplumla İlişkilər (Vətəndaş Cəmiyyəti ilə Əlaqələr) Müdürliyinin rəhbəri Hikmət Qılıcla olub.

RHİMİB və evsahibi təşkilatın rəhbərliyi, Azərbaycandan gələn şəhid ailələri ilə görüşən Hikmət Qılıc, Azərbaycan ilə Türkiyə vətəndaş cəmiyyəti insititutları arasındakı əlaqələrin perspektivindən danışıb, özəlliklə şəhid ailələrini birləşdirən qurumların daha sıx işbirliyinin təqdirəlayiq olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin daha bir görüşü, Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfi başqanı Lokman Aylarla olub.

Kırşəhir Jandarma Komandanlığının başçısı, albay Sadık Güləcə də Azərbaycan nümayəndə heyəti ilə görüşüb, şəhid polislərin ailə üzvlərinin yaxından iştirak etdiyi “Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adlı layihənin kırşəhirlilər tərəfindən təqdirlə qarşılandığını söyləyib.

RHİMİB sədri Arzu Bagirova, Kırşəhir Şəhid Ailələri Dərnəyi başqanı Mutlu Qılıcaslan, Azərbaycanın, Türkiyənin bir qrup şəhid ailəsi şəhidlərin məzarını ziyarət ediblər.

Arzu Bagirova və şəhid ailələrimiz ayrıca, Kırşəhir Şəhid Ailələri Dərnəyinin qərargahını ziyarət edərək, dərnəyin fəaliyyəti ilə yaxından tanış olublar.

Onlar həmçinin Kırşəhirli şəhidlərin hər birinin adı yazılmış metal lövhələrin asıldığı “Şəhidlər Ağacı”nı ziyarət edib.

Evsahibi təşkilat RHİMİB rəhbərliyini və Azərbaycanlı şəhid ailələrini Kırşəhir mədəniyyəti, tarixi miraslarıyla yaxından tanış ediblər. Ahi Evran Məscidi, Ahi Evran Muzeyi, Cacabey Mədrəsəsi, eləcə də, Kaman Qalahöyük Arxeoloji Muzeyi, “Yapon Bağçası”, habelə, Kapadokiyanın təbiət abidələri ziyarətçilərdə zəngin təəssürat yaradıb.

Azərbaycan nümayəndə heyəti Kırşəhir şəhid ailələri ilə bərabər “Şəhidlər Ormanı”ni də ziyarət edərək,

“Şəhidlər Ormanı”nın ərsəyə gəlməsində böyük dəstəyi olan Orman Təsərrüfatı müdüri Alpər Çimənlə görüşüblər. Nümayəndə heyəti 1918-ci ildə Azərbaycanda şəhid olmuş Kırşəhirli qəhrəmanların adının olduğu dəmir lövhələri rəmzi olaraq, kötüklərə çaxıblar.

Səfər proqramı “Şəhidi şəhidimiz, bayrağı bayrağımız” adlı vətənpərvərlik mahnıları əsaslı konsert proqramı ilə, duyğulu anlarla başa çatıb.




İstinadlar Qafqazinfo