“Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

“44 günlük Vətən müharibəsi zamanı işğal altında olan Azərbaycan-İran sərhədinin azad edilməsi münasibətilə ilə Müzəffər Ali Baş Komandan Azərbaycan və İran xalqlarını təbrik etmişdir. Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir”, – L.Abdullayeva vurğulayıb.

İdarə rəhbəri, həmçinin qeyd edib ki, Ermənistanın işğalı nəticəsində yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə deyil, həmçinin İran ilə də dəmiryolu əlaqəsi kəsilib:

“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, regionda kommunikasiyaların açılması və bərpası üzrə Komissiya çərçivəsində müzakirələr davam edir. Azərbaycan tərəfi paralel olaraq, İran ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üçün İran ərazisindən keçməklə infrastrukturun yaradılmasına dair müqavilə imzalamışdır. Əldə olunmuş razılığa əsasən, 22 sentyabr 2022-ci ildə Zəngilan rayonu ərazisində hər iki ölkə rəsmilərinin iştirakı ilə avtomobil körpüsünün təməlqoyma mərasimi baş tutmuşdur”.

“Zəngəzur dəhlizi, əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir”, – o əlavə edib.