Azərbaycanda vətəndaşlara hüquqi yardım göstərəcək süni intellekt istifadəyə veriləcək.

Bu barədə Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə elektron order, elektron müqavilə və digər elektron xidmətlərin ictimaiyyət üçün təqdimatı zamanı məlumat verilib.

Tədbirdə əvvəlcə Kollegiyanın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.

Vəkillər Kollegiyanın sədri Anar Bağırov qurumda son illər görülən işlərdən, elektron xidmətlərin mahiyyətindən, əhəmiyyətindən və ümumi fəaliyyətlərindən söz açıb.

Sədr son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini, bu sahədə müəyyən layihələrə imza atıldığını, o cümlədən Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sistemindən artıq bir sıra vəkillərin istifadə etdiyini və sözügedən təşəbbüsün bütün vəkillər tərəfindən dəstəkləndiyini deyib.

Məqsədin vəkillərin işinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun yaradılması olduğunu söyləyən Anar Bağırov elektron vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü, bu istiqamətdə müvafiq normativ hüquqi aktlara dəyişikliklə bağlı təkliflərin hazırlandığını və aidiyyəti qurumlarla razılaşdırıldığını bir daha ifadə edib.

Həmçinin,VK-nın müasir çağırışlara tam hazır olduğunu bildirən sədr yaxın zamanda “Elektron vəkillik” Komitəsi tərəfindən hazırlanan “Pro Bono ChatBot” süni intellektin istifadəyə veriləcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bu bot süni intellektdən istifadə edərək vətəndaşlara Pro Bono hüquqi yardım göstərəcək.

Tədbirin davamında “Elektron vəkillik” Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil orderi” və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Eyni zamanda, “Pro Bono ChatBot” süni intellektin təqdimatı olub, o cümlədən ictimaiyyət “İnsan resurslarının elektron idarə edilməsi” və “Elektron kargüzarlıq” sistemləri barədə məlumatlandırılıb.

Daha sonra qonaqların sualları cavablandırılıb, “Elektron vəkil orderi”, ondan istifadə vasitələri ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb.

İstinadlar Report