Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində tütün məmulatları, o cümlədən elektron siqaretlərlə bağlı istehlak bazarında mövcud olan problemlər müzakirə olunub.

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində təşkil olunan görüşdə sözügedən məhsulların idxalı və istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri iştirak ediblər.

Tədbir zamanı sahibkarlara tütün məmulatlarının üzərində istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi, məhsulların müvafiq keyfiyyət göstəricilərinə uyğunluğunu təsdiqləyən sənədlərlə müşayiət olunması barədə qanunvericiliyin tələbləri izah olunub. Eyni zamanda, tütün məmulatlarının satış xüsusiyyətlərinə dair qaydalar və reklam sahəsində tətbiq olunan hüquqi tənzimləmələr barədə məlumat verilib.

Görüşdə həmçinin bu bazarda müşahidə olunan əsas problemlər, onların həlli yolları və istehlakçıların ən çox qarşılaşdığı çətinliklər ətrafında geniş müzakirələr aparılıb. Sahibkarlara öz fəaliyyətlərini mövcud qanunvericiliyin müddəalarına uyğun şəkildə qurmaq tövsiyə edilib.