Azərbaycanda terror aktı hazırlığında ittiham olunan Elşən Nəcəfovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın keçirilən prosesdə Elşən Nəcəfovun istintaqa verdiyi ifadələr elan olub.
O, ifadəsində dini ideyalarla yaşadığını, bəzi ölkələrə ürəkdən nifrət etdiyini deyib.
Daha sonra Elşən Nəcəfov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi və terrorçuluğa açıq çağırışlar yazılmış paylaşımlar etdiyinə görə peşman olduğunu bildirib.
İş üzrə sənədlərin tədqiqi yekunlaşıb.
Məhkəmə prosesi fevralın 6-da davam edəcək.
Qeyd edək ki, 38 yaşlı Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib. Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən anidən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.