İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanı yaradıb.
Bunu “Report”a açıqlamasında qurumun Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva bildirib.
Onun sözlərinə görə, artıq yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyatı ilə bağlı vergi orqanına elektron qaydada müraciət etmək mümkündür: “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın işçi qrupu çərçivəsində müzakirə olunan məsələlərdən biri MMC-lərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərinin elektron qaydada qeydiyyata alınması ilə bağlı yeni rəqəmsal xidmətin tətbiqi olub.
Məlum olduğu kimi, buna qədər yalnız MMC-lərin ilkin qeydiyyatı elektron qaydada həyata keçirilirdi. DVX tərəfindən aparılan hüquqi, təşkilati və texniki tədbirlərdən sonra artıq şirkətlər təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması üçün elektron ərizə ilə müraciət edə bilərlər”.