Azərbaycanda sahibkarlar üçün dəstək mexanizmlərinin genişləndirilməsi gözlənilir.

Bunu “Report”a açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, ölkə Prezidentinin 5 oktyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na əlavə və dəyişikliklər layihəsi hazırlanıb: “2016-cı ildən bəri tətbiq edilən mexanizmlər ümumilikdə müsbət nəticələr verir. Bununla yanaşı, sahibkarların müraciətləri və qlobal miqyasda baş verən dəyişikliklər, xüsusilə də logistika sahəsinin artan əhəmiyyəti fonunda, bu istiqamətdə yeni təşəbbüslərin irəli sürülməsi zərurəti yaranmışdı”.