Gələn ay Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə bağlı əlaqədar satışa çıxarılan heyvanların qiymətləri ötən illə müqayisədə bir qədər çox olacaq.

Bu barədə paytaxtda qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan qəssablar məlumat verib.

Onların sözlərinə görə, əgər ötən il diri çəkildə heyvanın kiloqramı 12-13 manata satılırsa, bu il qiymət azı 14 manatdan başlayacaq. Bahalaşmaya səbəb heyvan yeminin və dərmanının qiymətlərindəki artımdır. Beləliklə, qurbanlıq qoyunların qiymətləri ötənilki 200-250 manatdan 250-300 manata yüksələcək.

Bahalaşma təkcə Bakıda deyil, həm də regionlarda müşahidə olunacaq.

Ötən il olduğu kimi, bu il də qurbanlıq heyvanların kəsimi üçün səyyar məntəqələr quraşdırılacaq. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hazırda həmin məntəqələrin yerləri müəyyən edilir. Agentlik Qurban bayramı ərəfəsində bu sahədə fəaliyyət göstərən şəxsləri dini ayinləri icra etməklə yanaşı, heyvan kəsimini və satışını qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırıb.

İstinadlar Report