Azərbaycanda 2024-cü ildə “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” (AFAQ) layihəsi çərçivəsində 14 rayondan 378 qadın fermerə quşçuluq, heyvandarlıq, tingçilik, qida sahəsində gigiyena, biznes istiqamətləri üzrə təlimlər keçirilib.
Məlumata görə, təlim kriteriyalarına cavab verən Ağcabədi rayonu üzrə 11, Ağsu rayonu üzrə 6, Bərdə rayonu üzrə 10, Gəncə şəhəri üzrə 10, İsmayıllı rayonu üzrə 8, Kürdəmir rayonu üzrə 9, Şəki rayonu üzrə 5, Tərtər rayonu üzrə 6, Tovuz rayonu üzrə 21, Zəngilan rayonu üzrə 14 qadın olmaqla ümumilikdə 100 fermerə əkinçilik, arıçılıq, heyvandarlıq və quşçuluq istiqamətlərində müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.
Ötən il Ağcabədi, Ağsu, Bakı, Lənkəran, Bərdə, Kürdəmir, Zəngilan, Tovuz rayonlarından və Gəncə şəhərindən layihəyə müraciət etmiş 65 fermerin təsərrüfatına baxış keçirilib. Ağdam, Tərtər, Göygöl, Bərdə, Beyləqanda isə əvvəlki illərdə avadanlıqlarla əvvəl dəstək göstərilmiş 64 təsərrüfatda monitorinq aparılıb.
Ümumilikdə AFAQ layihəsi çərçivəsində 338 təsərrüfatın qiymətləndirilməsi aparılıb, 834 qadın fermerə təlimlər keçirilib, 26 rayon üzrə 286 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.