2022-ci ilıdə 5 qadın sahibkara qrant, 11 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə edilən gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumunda deyib.

O əlavə edib ki, qabaqcıl ölkələrin sahibkarlıq sahəsində təcrübələrinin öyrənilməsi məqsədilə KOBİA-nın dəstəyi ilə həyata keçirilən “Almaniya-Azərbaycan birgə Proqramı”ndan isə 100-dən çox qadın yararlanıb: “Azərbaycana Birgə Yardım” təşkilatının təşəbbüs etdiyi və regionlarda qadın sahibkarlığın inkişafının dəstəklənməsi üzrə sosial sahibkarlıq layihəsi – “Məktəbim” layihəsinin həyata keçirilməsinə KOBİA tərəfindən dəstək göstərilir. Layihənin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır. Layihədə iştirak edəcək qadın sahibkarların seçimi başa çatmış və cari ilin 30 yanvar tarixində yeni istifadəyə verilmiş “Bakı KOB Evi”ndə ictimai təqdimatı keçirilib. Ötən il KOBİA-nın təşəbbüsü və təşkilatçılığı ilə “Dayaq” mükafatı təsis edilib. Mükafat 2022-ci ildə 16 sahibkara 16 nominasiya üzrə təqdim olunub və digərləri ilə yanaşı, “uğurlu qadın sahibkar” nominasiyasını da əhatə edib”.

İstinadlar Report