İdxal sahəsində KOB subyektlərinin işini daha da asanlaşdırmaq məqsədilə “Bakı KOB evi”ndə “KOB gömrük anbarı” yaradılıb.
Bildirilir ki, “KOB gömrük anbarı” KOB-ların mallarının operativ şəkildə rəsmiləşdirilməsi, bu sahədə fəaliyyətin sürətləndirilməsi və daha da asanlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi (DGK) və KOBİA-nın birgə təşəbbüsü ilə yaradılıb. DGK-nın sədri Şahin Bağırov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov anbarın fəaliyyəti ilə tanış olublar.
Ş. Bağırov “Bakı KOB evi”ndə gömrük təmsilçiləri, logistika şirkətləri və idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlarla görüşərək, müvafiq sahədə fikir mübadiləsi aparıblar. Həmçinin, Gömrük Komitəsinin rəhbərliyi “Bakı KOB evi”ndə yerləşən Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında fəaliyyət göstərən DGK-nın xidmət pəncərələrinin fəaliyyəti ilə tanış olublar.
Qeyd edilib ki, Bakı Baş Gömrük İdarəsi və Hava Limanı vasitəsilə ölkəyə gətirilən mallar üçün KOB subyektləri bu anbarın imkanlarından yararlana bilərlər. Anbar 1 350 kvadrat metr ərazini əhatə edir və burada KOB subyektlərinin kiçik həcmli malları saxlanılır, gömrük rəsmiləşdirilməsi isə “Bakı KOB evi”ndə həyata keçirilir.