İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) ISO 9000:2015 “Quality management systems. Fundamentals and vocabulary” beynəlxalq standartı əsasında AZS ISO 9000:2024 “Keyfiyyəti İdarəetmə Sistemləri. Əsas müddəalar və lüğət” dövlət standartını qəbul edib.
“Məlum olduğu kimi, Keyfiyyəti İdarəetmə Sistemləri (KİS) müəssisə və təşkilatların fəaliyyətini müvafiq sahələr üzrə qanunvericilik və beynəlxalq tələblərə uyğun təşkil etmək, o cümlədən müştəri məmnuniyyətini təmin etmək üçün tətbiq olunan əsas prinsipləri və metodları əhatə edir. KİS-in effektiv tətbiqi və davamlı təkmilləşdirilməsi üçün müvafiq terminologiyanın düzgün anlaşılması və istifadə edilməsi əsas məsələlərdən biridir.
Yeni dövlət standartının tətbiqi keyfiyyəti idarəetmə sahəsində vahid terminologiyadan istifadə etməklə müəssisə və təşkilatlarda digər idarəetmə sistemləri ilə qarşılıqlı əlaqəni təmin edəcək və KİS-in effektiv və səmərəli şəkildə tətbiq edilməsinə imkan yaradacaq”, – deyə Dövlət Xidməti bəyan edib.