Azərbaycanda işlənmiş avtomobil alanların ehtiyat etdikləri məsələlərdən biri maşının göstərilən yürüşünün (“probeq”) orijinal olub-olmamasıdır.

Sirr deyil ki, təzə avtomobil almağa imkanı çatmayanlar arzularını köhnə maşın almaqla reallaşdırır və bu zaman bacardıqca kilometrajı az olan (150-200 min km-dən çox getməmiş) nəqliyyat vasitəsi əldə etməyə çalışır.

Bunu avtomobilini satmağa çalışanlar da yaxşı bilir və maşını satışa çıxarmazdan əvvəl onun yürüşünü azaltmağa çalışır. Bəs bu cür fırıldaqdan necə qorunmaq olar? Kilometrajı dəyişmək bazara necə təsir edir? “Report” bununla bağlı araşdırma aparıb.

Avtomobil bazarı üzrə ekspert Elnar Rzayev deyir ki, yürüşün saxta olub-olmadığını yoxlamaq üçün bir sıra üsullar var: “Məsələn, Azərbaycanda rəsmi dilerlərə məxsus servislərdə hər bir avtomobillə bağlı elektron tarixçə olur. Bu tarixçədə avtomobilə hansı kilometrajda hansı texniki qulluqların edildiyi qeyd olunur və beləcə maşının real olaraq neçə km hərəkət etdiyini bilmək olur. Həmin məlumatlar avtomobilin sahibindəki servis kitabçalarında da olur və onların hesabına “probeq”in orijinal olub-olmadığını öyrənmək mümkündür”.

Ekspertin fikrincə, yürüşün saxtalaşdırılması istənilən halda avtomobil bazarına mənfi təsir edir, işlənmiş maşınların sahiblərinə inamsızlıq yaradır, maşınların real dəyərindən baha qiymətə alınmasına və maliyyə itkisinə səbəb olur: “Yəni, avtomobil alıcıları faktiki istifadə müddətini və vəziyyətini öyrənə bilmədikləri üçün alış-verişdə tərəddüd edirlər. Etibarsızlıq həm də bazarda avtomobil qiymətlərinin aşağı düşməsinə və alıcıların daha diqqətli olmasına gətirib çıxarır. Avtomobil alıcıları kilometrajı geri çəkilmiş avtomobillər üçün daha yüksək qiymət ödəyirlər, lakin avtomobilin faktiki texniki vəziyyəti ilə bağlı yanlış təsəvvür əldə edirlər. Bu isə alıcıların maliyyə itkilərinə səbəb olur. Satıcılar da saxta kilometrajlı avtomobilləri satmaqda çətinlik çəkirlər və bazarda nüfuzlarını itirirlər. Kilometrajın geri çəkilməsi qanunsuz hərəkət olduğuna görə, bununla məşğul olan şəxslər ciddi problemlərlə üzləşə bilərlər”.

İstinadlar Report