Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən sərəncamın icrası təmin edilib və iyul ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb. Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar pandemiya dövründə tələb olunan qaydalara uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər.